Bakı. Trend:
İlon Maskın Twitter-in adını dəyişməsindən sonra şirkətin San-Fransiskodakı keçmiş baş ofisindən çıxarılan mavi quş loqosu hərracda 34 375 dollara satılıb.
Trend xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşan “RR Auction” hərrac evi loqonun 254 kq çəkidə və 3,7x2,7 m ölçüdə olduğunu bildirib. Alıcının kimliyi açıqlanmayıb.
Mask daha əvvəl Twitter-in keçmiş ofisindən müxtəlif əşyaları, o cümlədən lövhələr, brend məhsullar, mətbəx avadanlıqları və ofis mebellərini də hərraca çıxarmışdı.
Eyni hərracda texnologiya tarixinin digər əhəmiyyətli əşyaları da satışa çıxarılıb. Apple-1 kompüteri aksesuarları ilə birlikdə 375 000 dollara, 1976-cı ildə Stiv Cobsun imzaladığı Apple Computer Co çek 112 054 dollara, orijinal qablaşdırmada olan 4 GB yaddaşa malik ilk nəsil iPhone isə 87 514 dollara satılıb.