...

Suriyaya qarşı sünni bloku

Nəzər nöqtəsi Materials 16 Aprel 2012 13:26 (UTC +04:00)
Suriyaya qarşı sünni bloku
Suriyaya qarşı sünni bloku

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriya hakimiyyətinin BMT-nin və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın sülh planını qəbul etməsindən sonra ölkədə tərəflər arasında atəşkəs elan edilməklə yanaşı, hakimiyyət beynəlxalq müşahidəçilərin ölkəyə girməsinə də izn verdi.

Lakin daha sonra Prezident Başşar Əsədin KİV üzrə məsləhətçisi Buseyna Şaban yerli mediaya verdiyi açıqlamasında beynəlxalq müşahidəçilərin təhlükəsizliyinə görə ölkənin heç bir zəmanət vermədiyini bildirdi.

Şaban onu da qeyd etdi ki, silahlı qiyamçılarla mübarizə aparan Suriya hakimiyyəti ölkəyə gələcək beynəlxalq müşahidəçiləri seçmə haqqına sahibdir.

Bir çox siyasi analitiklər dövlət rəsmisinin belə bəyanatla çıxış etməsini Suriya hakimiyyətinin qətiyyətsizliyi və inamsızlığı kimi dəyərləndirirlər.

Atəşkəsin elan edilməsindən bu günə qədər Suriyada 28 dəfə atəşkəs pozulub.Tərəflər buna görə bir-birini ittiham etsələr də, beynəlxalq ictimaiyyət baş verənlərə əsasən Bəşşar Əsəd rejiminin məsuliyyət daşıdığını bildirdi.

Suriya hakimiyyətinin "Annan planı"nı qəbul etməsinə baxmayaraq, ölkədə stabilliyinin bərpa ediləcəyi inandırıcı deyil.
Ən azından ona görə ki, Bəşşar Əsəd rejimi ölkədə baş verənləri, demək olar ki, nəzarət altında saxlaya bilmir və Suriyada Fars körfəzi regionunun ərəb dövlətlərinin, Türkiyənin və İranın maraqları toqquşur.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun rəhbərliyi altında "Qonşularla sıfır problem" siyasətinin sadəcə İranla baş tutduğu söylənilsə də, iki ölkə siyasətində xeyli təzadlı məqamlar mövcuddur.

İlk baxışdan Türkiyə və İranın yaxın siyasi və ticari müttəfiq olduqları düşünülür, lakin məsələləri diqqətlə izlədikdə, hər iki dövlətin region uğrunda, eyni zamanda, Orta Asiyada təsir dairəsini genişləndirmək üçün ciddi siyasi mübarizə apardığını görmək olar.

Regionun sünni ərəb dövlətləri də heç şübhəsiz, İran təhlükəsindən xilas olmaq üçün bu mübarizədə Ankaranın yanında, müvəqqəti də olsa, yer alacaqlar. Lakin bu, o demək deyil ki, regionu İranın təsir dairəsindən çıxarmaq asan başa gələcək. Suriya İran İslam Respublikası ilə həmsərhəd olmasa da, ABŞ qoşunlarının İraqdan çıxarılmasından sonra Bağdad bu iki dövlət arasında "humanitar" dəhliz rolunu oynayır.

Hətta İraqın sabiq vitse-prezidenti Tariq Əl-Haşimi Türkiyəyə son səfəri zamanı verdiyi açıqlamasında Bağdad hava limanının İran tərəfindən qeyri-qanuni şəkildə Suriyaya silah göndərilməsi üçün istifadə edildiyini bildirdi.

Təbii ki, region dövlətlərinin, xüsusən də Türkiyənin Suriyadakı vəziyyətə səssiz qalacağı bir o qədər də inandırıcı deyil. Böyük ehtimalla yaxın zamanda Ankaranın rəhbərliyi altında Suriyaya qarşı və dolayısı ilə regionun İranın təsirindən qurtarılması üçün yeni sünni bloku yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti