Bakı. Elçin Mehdiyev - Trend:
Heydər Əliyevin doğum gününün ölkəmizin bütün vətəndaşları tərəfindən qeyd edilməsi formalaşmış gözəl bir dövlətçilik ənənəsidir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov jurnalistlərə deyib.
Ə.Əhmədov qeyd edib ki, bu, bir yandan ölkəmizin hər bir vətəndaşının Azərbaycan qarşısında göstərdiyi xidmətlərə görə Heydər Əliyevə minnətdarlığını ifadə etmək fürsətidir: "Digər bir tərəfdən, bu, Azərbaycanın dövlətçilik məfkurəsinin formalaşmasına xidmət edən gözəl bir ənənədir".
Dövlətçiliyin çox fundamental əsaslarından birinin insanlarda millətçilik təfəkkürünün formalaşdırılması, dövlətin bayrağına, ideologiyasına hörmətin olduğunu deyən Ə.Əhmədov əlavə edib ki, Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır.
Baş nazirin müavini qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin də əsasını Heydər Əliyev ideyaları təşkil edir: "Heydər Əliyev sağlığında Azərbaycana xidmət edib, Azərbaycanın inkişafına böyük töhfələr verib. Heydər Əliyevin özündən sonra onun ideyaları, müəyyənləşdirdiyi siyasət bu gün İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və deməli, yenə də Heydər Əliyevin ideyaları Azərbaycana xidmət edir, onun inkişafına töhfələrini verir".