...

"İl Giornale": İtaliyanın Minsk Qrupunun ilk sədri təcrübəsi və "Alto Adice" modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər

Nəzər nöqtəsi Materials 17 Yanvar 2018 14:20 (UTC +04:00)
İtaliyanın Minsk Qrupunun ilk sədri təcrübəsi və Alto Adice modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər.
"İl Giornale": İtaliyanın Minsk Qrupunun ilk sədri təcrübəsi və "Alto Adice" modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər

Bakı. Trend:

İtaliyanın Minsk Qrupunun ilk sədri təcrübəsi və Alto Adice modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər.

Trend-in məlumatına görə, bu fikirlər İtaliyanın nüfuzlu “İl Giornale” qəzetində “Nodo di Gordio” beyin mərkəzinin baş təqdiqatçısı professor Andrea Marçiliano-nun müəllifi olduğu İtaliyanın ATƏT-ə sədrliyindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqaişəsinin nizamlanması üçün gözləntilərə dair “İtaliya ATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqaləsində yer alıb.

Məqaləsində müəllif bildirir ki, İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrlik edəcəyi ilə bağlı xəbər siyasi seçkilər və iqtisadi debatlar mövzusu ilə həddən artıq yüklənmiş yerli media tərəfindən faktiki olaraq sükutla qarşılansa da, söhbət böyük əhəmiyyətə malik olan və İtaliyanı beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevirən hadisədən gedir və çoxlu “isti dosyelər”in mövcudluğu ATƏT-ə sədrliyin İtaliyaya beynəlxalq səhnədə böyük nüfuz qazanmaq və öz maraqlarını da qorumaq üçün əlverişli imkan yaradır.

Fikirlərinə davam edən müəllif qeyd edir ki, İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişədir. Münaqişənin tarixi barədə danışan müəllif onun baş verməsinin SSRİ-nin son illərinə təsadüf etdiyini, tarixən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı erməni icmasının bölgənin Ermənistana verilməsi iddiası ilə çıxış etdiyini, bunun Ermənistan tərəfindən dəstəkləndiyini, Ermənistan silahlı qüvvələrinin üçüncü tərəflərin hərbi köməyi ilə yalnız Dağlıq Qarabağı deyil, eləcə də Azərbaycanın digər yeddi rayonunu işğal etdiyini, həqiqi mənada əsl “etnik təmizləmə” həyata keçirərək bir milyondan çox azərbaycanlını didərgin saldığını, Avropanın isə buna çarəsizcəsinə şahidlik etdiyini qeyd edir. Vəziyyətin hələ də dəyişmədiyini və dövri olaraq alovlanan bu “dondurulmuş” münaqişənin davam etdiyini yazan müəllif vurğulayır ki, hərbi işğalı pisləyən, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını, Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyini bərpa etməsini və danışıqlar yolu ilə münaqişənin həllini tələb edən BMT-nin çoxsaylı qətnamələrinə, müxtəlif beynəlxalq qurumların sənədlərinə baxmayaraq, indiyə qədər heç bir nəticə əldə olunmamış, eyni zamanda bu problemi həll etmək üçün BMT mandatı ilə təsis olunmuş ATƏT-in “Minsk Qrupu” da bu qrupun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın hər birinin xüsusi maraqları ucbatından demək olar ki iflic vəziyyətinə düşüb.

Müəllif yazır ki, “Minsk Qrupu”nun üzvü olan İtaliya vaxtilə bu qrupun ilk sədri kimi Bakı və İrəvan arasında münaqişənin həll olunması üçün təkliflər irəli sürüb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan təcili tədbirlər haqqında vaxt cədvəlini hazırlayıb, təəssüf ki, bu təkliflə məhəl qoyulmayıb.

Bu təcrübədən irəli gələrək, İtaliyanın özünün Alto Adice modelini təklif etməklə münaqişənin həllinə töhfə verə biləcəyini bildirən müəllif bu həllin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtması və paralel olaraq Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa beynəlxalq zəmanətlə erməni azlığının təhlükəsizliyinə təminat verən geniş muxtariyyətin verilməsindən ibarət ola biləcəyini yazır. Alto Adicenin belə bir muxtariyyət statusunun olduğunu yazan müəllif bu regionda yaşayan almandilli azlıq olan əhalinin bütün beynəlxalq müşahidəçilər tərəfindən Avropada ən çox qorunan azlıq hesab edildiyini qeyd edir.

Bu səbəblərdən Romanın ATƏT-ə sədrliyinin çoxlu gözləntilər və perspektivlər doğurduğunu vurğulayan müəllif yazır ki, bu xüsusda rəsmi Bakı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına bu münaqişənin həllinin daxil edilməsini müsbət qiymətləndirib, Minsk Qrupunun ilk sədri kimi İtaliyanın o zamankı təkliflərini xatırladaraq ATƏT-in fəaliyyətdə olan sədri statusunda İtaliyanın BMT-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcəyinə ümid etdiyini bildirib, habelə “Helsinki ruhu”nu bərpa etmək və münaqişələrin dinc yolla həllinə nail olmaq üçün əsas şərt kimi bütün iştirakçı dövlətlər tərəfindən ATƏT-in prinsipləri və öhdəliklərinə tam riayət olunmasına çağırış edib.

Azərbaycan və İtaliya arasında möhkəm münasibətlərin mövcudluğundan yazan müəllif ölkəmizin İtaliyanın əsas neft təchizatçısı olduğunu, neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edildiyini, habelə Xəzər dənizinin Azərbaycan sektorundan Cənubi Qaz Dəhlizinin başladığını, bu dəhlizin son hissəsi olan Trans Adriatik Boru Kəmərinin (TAP) İtaliyanı bütün Cənubi Avropaya təbii qaz nəqli üçün əsas qovşağa çevirəcəyini bildirir. Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla bütün Qafqaz regionunda sülhü təmin etməyin həm də dünyanın geosiyasi tarazlığı üçün vacibliyini bildirən müəllif Qafqaz, xüsusilə də Azərbaycanın yeni nəqliyyat və kommunikasiya xətlərində strateji rol oynadığını vurğulayır, yenicə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışlaraq bu dəmir yolunun Çinin şərqini Aralıq dənizi hövzəsi ilə əlaqələndirərək, bütün Avrasiya sistemini hərəkətə gətirəcəyini, bu xəttin Aralıq dənizi və bütöv Avropanın gələcək rifahının asılı olacağı “Bir kəmər, bir yol”, İpək Yolu 2.0 kimi nəhəng layihənin tərkib hissəsi olduğunu yazır. Müəllif bütün bu kommunikasiya və enerji təchizatı xətlərinin Dağlıq Qarabağ münaqişəsi zonasına yaxın ərazilərdən keçdiyini və hərbi əməliyyatların bərpası halında bütün bu infrastrukturun qarşısıalınmaz zərərə məruz qala biləcəyini qeyd edir. Müəllif sonda vurğulayır ki, Ermənistanda ictimai rəyə təsir göstərən qüvvələr bu gün Qafqazda gedən inkişaf proseslərindən münaqişə ucbatından təcrid olunmağın İrəvana vurduğu zərər barədə xəbərdarlıq etməyə başlayıblar ki, bu məqam da münaqişənin diplomatik həllinə imkanlar aça bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti