...

Aydın Quliyev: ABŞ Azərbaycanla əməkdaşlıq məsələsinə bəzi əvvəlki baxışlarını dəyişməyə meyillidir

Nəzər nöqtəsi Materials 1 İyun 2018 16:23 (UTC +04:00)
ABŞ Azərbaycanla əməkdaşlıq məsələsinə bəzi əvvəlki baxışlarını dəyişməyə meyillidir.
Aydın Quliyev: ABŞ Azərbaycanla əməkdaşlıq məsələsinə bəzi əvvəlki baxışlarını dəyişməyə meyillidir

Bakı. Samir Əli - Trend:

ABŞ-ın dövlət başçısı Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı son üç məktubun təhlili göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlıq məsələsinə bəzi əvvəlki baxışlarını dəyişməyə meyillidir.

Bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, bu meyl ABŞ-ın da, Azərbaycanın da müasir inkişaf və strateji maraqlarına uyğundur: "Tramp administrasiyası özündən əvvəlki hökumətlərin insan haqları, demokratiya adı altında Azərbaycanın daxili işlərinə müdaxilə etmək iddialarını tədricən dəyişməyə çalışır və bu iddiaların Azərbaycanla münasibətlərdə zaman-zaman anlaşılmazlıqlar yaratdığının fərqinə varır. Donald Tramp məktublarında beynəlxalq terrorla mübarizədə, yeni iş yerlərinin yaradılmasında, Avropanın enerji təminatının möhkəmlənməsində, ümumən Amerika və Azərbaycan xalqlarının qarşılıqlı maraqlarına uyğun bütün məsələlərdə birgə işləmək əzmini aydın ifadə edib. ABŞ Prezidenti burada təkcə regional və ümumavropa təhlükəsizliyində Azərbaycanın geosiyasi və geoiqtisadi önəmini qabartmır, həm də ABŞ-ın Azərbaycana yönəlik strateji vektorlarını dəyişmək istədiyini büruzə verir".

A.Quliyev təəssüflə qeyd edib ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında dövlət səviyyəsində münasibətlərin normal olmasına baxmayaraq, erməni lobbisinin təsirinə uymuş bəzi dairələr ABŞ-ın dövlət və milli maraqlara uyğun siyasətinə həmişə mənfi təsir göstərməyə çalışıblar: "Bu təmayül Smit, Şerman kimi konqresmenlərin timsalında özünü göstərir. Tramp hökuməti qlobal hədəflər uğrunda ABŞ və Azərbaycanın dövlət və milli təhlükəsizlik maraqlarını uzlaşdırmağa çalışdığı indiki vaxtda Smit və Şerman kimilər “Cənub Qaz Dəhlizi” kimi qlobal layihənin effektini azaltmaqla antiazərbaycan mövqeyi tutur, Ermənistan-Türkiyə sərhədlərinin açılması, Azərbaycana sanksiyalar tətbiq edilməsi və sair kimi ideyalarla ABŞ-ın yeni regional siyasətinə mane olmağa çalışırlar. Tramp ABŞ-ın Qafqaz siyasətini Prezident Əliyevlə birlikdə yeni prioritetlər üzərinə keçirir, Smit və Şerman kimi ermənipərəst dairələr isə bu siyasətə xələl gətirməyə çalışır".

Ekspertin sözlərinə görə, D.Tramp bütün Qafqaz, Orta Şərq və Mərkəzi Asiyanın enerji ehtiyatlarının dünya bazarlarına daşınmasında Azərbaycanın analoqsuz gücünə açıq-aydın böyük önəm verir: "Cənub Qaz Dəhlizi" mövzusunda müstəsna aktivlik bununla bağlıdır. Bayaq da qeyd etdiyim kimi, Tramp ABŞ-ın Qafqaz və Azərbaycan siyasətini Prezident Əliyevlə birgə yeni prioritetlər üzərinə keçirir. Lakin ermənipərəst dairələrin fəaliyyəti ABŞ-ın Prezident İlham Əliyevlə daha rasional işləməsinə mane olmaq və Birləşmiş Ştatların regional siyasətini erməniçiliyin girovuna çevirmək cəhdindən başqa bir şey deyil. Guman ki, ABŞ strateqləri bu faktoru görməyə bilməzlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti