...

Deputat: Ermənistan tərəfi Azərbaycan zabitini qətlə yetirməklə danışıqlar prosesini pozmağa cəhd göstərir

Nəzər nöqtəsi Materials 3 İyun 2019 16:30 (UTC +04:00)
Azərbaycan Ordusunun zabiti Aqil Omarovun erməni snayperi tərəfindən qətlə yetirilməsi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılıb və təxribat məqsədilə törədilib.
Deputat: Ermənistan tərəfi Azərbaycan zabitini qətlə yetirməklə danışıqlar prosesini pozmağa cəhd göstərir

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zaman Azərbaycan Ordusunun zabiti Aqil Omarovun snayperlə qətlə yetirilməsi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılıb və təxribat məqsədilə törədilib.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Ermənistan tərəfi bu cür təxribatlar törətməklə cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildən artıqdır davam edən bu münaqişədə mövcud status-kvonu qoruyub saxlamaq məqsədi güdür.

Deputat vurğulayıb ki, bu qətl hadisəsi bir daha təsdiq edir ki, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil:

“Ermənistanın sülh danışıqları, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Reallıqda isə Ermənistan tərəfi hər cəhdlə danışıqlar prosesini pozmağa çalışır”.

S.Qafarova bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səhvini anlamasa, onun özü üçün ciddi problemlər yaranacaq: “Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq”.

Millət vəkili qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatını pisləməli və status-kvonun dəyişdirilməsi üçün bu ölkəyə ciddi təzyiqlər göstərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti