Bakı. Elçin Mehdiyev – Trend:
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən əsas faktorlardan biri də qonşu dövlətlərlə siyasi-iqtisadi və humanitar əlaqələrin genişləndirilməsidir. Beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verən Azərbaycanın mühüm tərəfdaşlardan biri, dost və mehriban qonşusu Rusiya Federasiyası ilə hərtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edir.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, iki dövlətin başçıları arasında dostluq əlaqələri ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlığın dinamik inkişafına müsbət töhfəsini verir:
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də yüksəliş mərhələsində olan Azərbaycan-Rusiya münasibətləri arasında ikitərəfli əlaqələr səmərəli və dinamik inkişafına xidmət edib. Səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Federasiya Hökumətinin sədri Dmitri Medvedyevlə keçirilən görüşlər, hərtərəfli əlaqələrin getdikcə daha da şaxələnməsinə xidmət edən ikitərəfli əlaqələrin perspektivlərinin müzakirəsi, X Rusiya-Azərbaycan regionlararası forumu, imzalanan sazişlər iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət daşıyır”.
Deputat vurğulayıb ki, Rusiya Federasiyasının ali mükafatı "Dostluq” ordeninin Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmdə təbliğində əvəzsiz rol oynayan Mehriban xanım Əliyevaya təqdim edilməsi hər iki ölkə arasında qarşılıqlı hörmət və dostluq əsasında qurulan münasibətlərin yeni inkişaf mərhələsində olduğunun təsdiqi oldu:
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfəri cərçivəsində Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumu da beynəlxalq arenada bir-birini dəstəkləyən Azərbaycan və Rusiya dövlətlərinin əməkdaşlığı genişlənməsi baxımından əhəmiyyətli olub. Mehriban xanım Əliyevanın Forumda çıxışı zamanı qeyd etdiyi kimi: "Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək".
P.Kərimzadə qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri, səfər çərçivəsində keçirilən görüşlər, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradan X Rusiya-Azərbaycan Regionlararası Forumu hər iki ölkə arasında dialoqun genişləndirilməsinə, dostluğun, strateji tərəfdaşlığın möhkəmlənməsinə yeni təkan oldu.