"Cümə axşamı Stokholm polisi tərəfindən İsrailin İsveçdəki səfiri Benni Daqanaya çıxışı zamanı ayaqqabı və kitab atmaqda günahlandırılan iki şəxsi həbs edilib", - İsrail qəzeti "Qaarets" xəbər verib.
"Hadisə çərşənbə günü, Daqan fevralın 10-da İsraildə baş tutacaq seçkilər haqda 50 nəfərin iştirak etdiyi auditoriya qarşısında məruzə ilə çıxış etdiyi zaman baş verib", - İsveç KİV-i məlumat verir.
"Günahlandırılan iki şəxs həbs edilib və Syodermalmedə polis tərəfindən dindirilib", - jurnalistlərə Stokholm polisinin mətbuat zabiti Yoakim Karil deyib.
Cinayətkarların adları hələ açıqlanmır. Onlardan biri səfirə ayaqqabı, o biri isə kitab atıb. Atılan əşyaların səfirə dəyib-dəymədiyi məlum deyil.
Daqan hadisədən sonra məruzəni davam etdirib.
Bu, İsrailin İsveçdəki səfirliyi ilə bağlı birinci belə diplomatik qalmaqal deyil.
2004-cü ildə Stokholm İncəsənət Muzeyində Fələstin münaqişəsinin fələstinli qurbanlarına həsr olunan sərgi keçirilib. Qırmızı rəngə boyanmış suyun üzərində Hayfa şəhərindəki restoranların birində özünü partlatmış, nəticədə 21 nəfərin ölümünə və 51 nəfərin yaralanmasına səbəb olmuş hadisənin səbəbkarı - fələstinli döyüşçü Xanadi Caradatın şəkilləri təqdim olunmuşdu.
O vaxt İsrailin İsveçdəki səfiri Zvi Mazel muzeyin rəhbərliyi və sərginin təşkilatçılarına etirazını bildirmişdi ki, bu da ölkələr arasında diplomatik qalmaqala səbəb olmuşdu. Mazel isə bir neçə həftə sonra istefa vermişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]