...

Əhmədinejad onsuz da prezidentdir - Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 5 Avqust 2009 17:12 (UTC +04:00)
Ölkədə bəzi nüfuzlu şəxslərin, həmçinin müxalifət deputatlarının avqustun 5-də Əhmədinejadın parlamentdə keçirilən andiçmə mərasimində iştirak etməməsinə və müxalifətin Əhmədinejada qarşı eitrazlarını davam etdirəcəyinə baxmayaraq, İranın daxilindəki qüvvələrin və beynəlxalq ictimaiyyətin Əhmədinejadı prezident kimi tanımaqdan başqa yolu yoxdur.

Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Ölkədə bəzi nüfuzlu şəxslərin, həmçinin müxalifət deputatlarının avqustun 5-də Əhmədinejadın parlamentdə keçirilən andiçmə mərasimində iştirak etməməsinə və müxalifətin Əhmədinejada qarşı eitrazlarını davam etdirəcəyinə baxmayaraq, İranın daxilindəki qüvvələrin və beynəlxalq ictimaiyyətin Əhmədinejadı prezident kimi tanımaqdan başqa yolu yoxdur.

Müxalifətin təzyiqlərinə baxmayaraq, Əhmədinejad prezidentliyinin ikinci dövründə tam səlahiyyətləri ilə vəzifəsini həyata keçirə bilər.

Əhmədinejadın prezident seçkilərində qalmaqallı qələbəsi və müxalifət liderlərinin indiyədək davam edən kəskin etirazları, həmçinin 1997-ci ildən etibarən İranda analoqu görünməmiş aksiyalarda onlarla şəxsin ölümü və yüzlərlə etirazçının həbsi hakimiyyətə mənəvi zərbə endirsə də, Əhmədinejad hakimiyyətinin legitimliyi yerindədir.

Əhmədinejadın andiçmə mərasimində sabiq prezidentlər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və İmam Xomeyninin nəvəsi Həsən Xomeyni, prezidentliyə keçmiş namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvi, həmçinin müxalifət deputatlarının 80 faizi (70 nəfərdən 57-si) mərasimdə iştirak etməyib. Bu gün parmalent qarşısında yenə də yüzlərlə aksiyaçı eitirazlarını nümayiş etdiriblər.

Demokratiya tələbləri İranda yeni bir şey deyil. Əhmədinejadın andiçmə mərasimi İranda Məşrutə inqilabının 103-cü ildönümü ilə eyni vaxta düşüb, ancaq hələ də iranlıların "ədalət, qanun və demokratiya" tələbləri olduğu kimi qalır.

Demokratiya dünyada yalnız İranın problemi deyil. Region ölkələrində insan haqları və demokratiya ilə bağlı problemlər də İrandakından fərqlənmir. Özbəkistanda prezident seçkilərindən sonra keçirilən aksiyalarda 300 etirazçının öldürülməsi, Ermənistanda, yaxud, ötən həftə nəticələri məlum olan Qırğızıstandakı seçkilərə olan etirazlardan tutmuş, ABŞ-ın bir nömrəli müttəfiqləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və BMT TŞ-nin daimi üzvu Çində demokratiyadan danışmaq absurddur. Belə olan halda, dünya ictimaiyyətinin Əhmədinejad hakimiyyətinin legitimliyini tanımaması böyük problemlər yarada bilər.

ABŞ Senatı İrana benzin ixrac edən şirkətlərə sanksiyaların tətbiq edilməsi planını təsdiq edib. Belə bir addım bir daha rəsmi Tehrana bəhanə verəcək ki, ölkədəki problemləri xarici qüvvələrin boynuna atsın. Ən pis hal da budur ki, ABŞ 40 faiz benzin tələbatını xaricdən idxal edən İranın cənub sərhədlərini mühasirəyə almağa məcbur olacaq. Bu isə müharibə elan etməkdən fərqlənmir. Yaxud, İranın nüvə obyektlərinin raket hədəfinə alınması ölkədə müharibə şəraitinin və fövqəladə vəziyyətin elan olunmasına  gətirib çıxaracaq.

Obama Admnistrasiyası İranla bağlı tamamilə başqa bir strateji mövqe tutmalıdır.

Avqustun 4-də ABŞ-ın eks-prezidenti Bill Kilintonun Şimali Koreyaya səfəri və 12 il həbs cəzası almış iki ABŞ jurnalistini azadlığa çıxartması göstərir ki, rəsmi Vaşinqton düşmənləri ilə həmişə müzakirə bəhanəsi tapa bilər. Bundan əvvəl ABŞ-ın eks-prezidenti Riçard Niksonun 1972-ci ildə Çinə səfəri ilə iki ölkə arasındakı buzların əriməsi, habelə, 1962-ci ildə Con Kennedinin Kubadan raketlərin çıxarılmasını Rusiyadan tələb etməsi, Liviyada Müəmmər əl-Qəzzafinin 2003-cü ildə nüvə proqramından əl çəkib 2004-cü ildə ABŞ-la diplomatik əlaqələrini 25 ildən sonra bərpa etməsi və yüzlərlə digər faktlar mövcuddur. Bu o deməkdir ki, ABŞ istədiyi zaman İranla da əlaqə yarada bilər.

Həmin həftə ABŞ-a 60 ildən çox düşmən olan Kuba Prezidenti Raul Kastro Obama ilə bütün sahələrdə müzakirəyə hazır olduğunu bildirib. Digər tərəfdən, cari ildən etibarən Suriya ilə ABŞ-ın diplomatik əlaqələri də bərpaolunma prosesindədir.

Fikrimizcə, ABŞ-İran münasibətlərinin bərpasına Obama daha qəti qərar verməlidir. Məlum məsələdir ki, ərəb ölkələri Tehran-Vaşinqton münasibətlərinin normallaşmasını nüfuzlarını itirmək və regionda ABŞ-ın müttəfiqi kimi rollarının kiçilməsi kimi dəyərləndirirlər. İran-ABŞ münasibətlərinin bərpası nəticəsində İranın təcridinə son qoyulması Rusiya və Çinin maraq dairəsində deyil. Bu ölkələr Qərb şirkətlərinin yerlərini təcrid olunmuş İran bazarlarında asanlıqla tuturlar.

Bu da bir faktdır ki, İran İslam İnqilabının təməli ABŞ və imperializmlə mübarizədə qurulub. Bu gerçəkdir, lakin, fikrimizcə, Obama realıqla mübarizə aparmamalı, reallıqları idarə etməyə çalışmalıdır.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti