Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu onun Qəzzaya girişinə icazə verilmədiyi üçün İsrail səfərinin təxirə salınması barədə məlumatı təkzib edib. Bu barədə Türkiyənin Cihan informasiya agentliyi məlumat verir.
Davudoğlu Misirə səfəri öncəsi İsrail mətbuatı məlumatının həqiqətəuyğun olmadığını bildirib.
Çərşənbə günü İsrailin "Jerusalem Post" qəzeti diplomatik mənbəyə istinadən məlumat verib ki, Türkiyə XİN-in rəhbərinə Qəzza sektoru ilə İsrailə girişə icazə verilməyib.
Mənbənin sözlərinə görə, İsrail hökumətinin bu siyasəti Qəzzada HƏMAS liderləri ilə görüşmək, sonra isə səfər zamanı İsrail liderləri ilə danışıqlar aparmaq istəyən diplomatlarla görüşə icazə verməməkdən ibarətdir.
"Onlar HƏMAS-la görüşdən sonra Qüdsə - İsrail liderləri ilə görüşə birbaşa Qəzzadan gedirlərsə, belə təsəvvür yaranır ki, biz bu səfərləri (Qəzzaya) legitimləşdiririk. Belə etmək niyyətimiz yoxdur", - qəzet mənbədən sitat gətirir.
Lakin Davudoğlu bu məlumatı təkzib edib və əlavə edib ki, bu qəbildən olan xəbərlər həqiqəti əks etdirmir.
"Bir müddət əvvəl dediyim kimi, biz həmişə regionda istənilən əlaqəyə hazırıq və bunun üçün xüsusi şərtlər tələb olunmur", - Türkiyə XİN-in rəhbəri deyib.