İranda Aşura günü baş vermiş iğtişaşlarda Almaniyanın əli var - Təhlükəsizlik Nazirliyinin əməkdaşı

Dünya xəbərləri Materials 27 Yanvar 2010 13:57 (UTC +04:00)

Aşura günü baş vermiş iğtişaşlar inqilabazidd və Qərb təhlükəsizlik xidmətlərinə bağlı şəxslər tərəfindən öncədən planlaşdırılıb. Bu iğtişaşlarda almaniyalı diplomatların əli olub. Bunu İranın İLNA xəbər agentliyi İranın Təhlükəsizlik Nazirliyinin adının açıqlanmasını istəməyən əməkdaşına istinadən məlumat yayıb.

Mənbə bildirib ki, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin müşavirlərindən biri həbs olunub. "Əldə olunmuş sübutlar və həbs olunmuş şəxsin etirafına əsasən, o, Avropa ölkələrindən birinin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edib və onlardan xüsusi eşitmə cihazları alaraq həmin təhlükəsizlik orqanına məlumatlar ötürüb", - nazirlik əməkdaşı deyib.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxslərdir.

Xəbər lenti

Xəbər lenti