Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir D.Xatınoğlu/
Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun açıqlamasında bildirilir: "Həqiqətən, həmin istiqamətdə gecə saat 12 radələrində atışma baş verib və döyüş xeyli davam edib. Ümumiyyətlə, bu cür atışmalar son zamanlar tez-tez olur. Bu dəfə də erməni silahlı birləşmələri ağır itki verərək geri çəkiliblər. Lakin diqqəti cəlb edən məqam ondan ibarətdir ki, düşmən ilk dəfə olaraq döyüş zamanı öz məğlubiyyətini açıq şəkildə etiraf etməli olub. Çox maraqlıdır, adətən, ermənilər itkilərini gizlətməyə çalışırlar. Fikrimizcə, burada səbəblər axtarmağa ehtiyac duyulmur".
İyunun 18-də Azərbaycanın işğal edilmiş ərazilərində silahlı toqquşma baş verib və nəticədə 4 erməni əsgəri həlak olub, 4-ü isə yaralanıb.
E. Sabiroğlu bildirib ki, əhali içərisində Ermənistan hakimiyyətinə, ordu rəhbərliyinə qarşı kök salan kəskin narazılıq və qəzəb hissi onları möhkəm qorxu içərisində saxlayır: "Görünür, ona görə də bu yolu seçiblər. Verdikləri itkinin sayını yenə azaldıblar. Bizdə olan dəqiq məlumata görə onlar etiraf etdiklərindən daha çox itki veriblər. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan, yeniləşmiş Madrid prinsiplərindən qaçmaq üçün Ermənistan atəşkəs rejimini pozmaqla özü-özünü tələyə saldı ki, bu da yalnız və yalnız onların növbəti təxribatı kimi qiymətləndirilməlidir. Ancaq bu yol deyil. Təcavüzkar Ermənistan birdəfəlik başa düşməlidir ki, işğal etdikləri ərazilərdən dinc şəkildə geri çəkilməsə və yaxud hər-hansı bu səpgili təxribatlara əl atsa, daha ağır zərbələr ala bilər. Azərbaycan Silahlı Qüvvələrinin buna kifayət qədər imkanı var".