...

Ermənistandakı köhnəlmiş AES Türkiyə üçün təhlükə törədir - nazir

Dünya xəbərləri Materials 17 Mart 2011 19:18 (UTC +04:00)
Köhnəlmiş "Metsamor" AES Türkiyə üçün radioaktiv yoluxma təhlükəsi törədir. Bunu cümə axşamı Türkiyənin ətraf mühit və meşə naziri Veysəl Əroğlu deyib. Bu barədə Trend CNN Türk telekanalına istinadən məlumat verib.
Ermənistandakı köhnəlmiş AES Türkiyə üçün təhlükə törədir - nazir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir A.Axundov/

Köhnəlmiş "Metsamor" AES Türkiyə üçün radioaktiv yoluxma təhlükəsi törədir. Bunu cümə axşamı Türkiyənin ətraf mühit və meşə naziri Veysəl Əroğlu deyib. Bu barədə Trend CNN Türk telekanalına istinadən məlumat verib.

Öz işinə 1976-cı ildən başlayan "Metsamor" AES Ermənistanın paytaxtı Yerevanın qərbindən 30 kilometrlikdə seysmik aktiv zonada yerləşir. 1988-ci ildə Spitakda dağıdıcı zəlzələdən sonra Ermənistan hakimiyyəti "Metsamor" AES-i bağlamaq qərarına gəlmişdi. Lakin iqtisadi çətinliklər ölkə hakimiyyətini AES-i 1993-cü ildə yenidən işə salmağa məcbur edib.

Jurnalistlərin Türkiyədə seysmik aktiv zonada yerləşən AES-in tikintisinin nə dərəcədə təhlükəli olacağı ilə bağlı sualını cavablandıran nazir deyib ki, ölkədə AES tikilməsə belə, Türkiyə radioaktiv yoluxma təhlükəsindən qurtulmayıb.

"Ermənistanda, Türkiyə sərhədinin 26 kilometrliyində köhnəlmiş AES var. Odur ki, istənilən halda yoluxma riski var. AES tikilən zaman onun üçün münasib yerin seçilməsi, qabaqcıl texnologiyalardan istifadənin vacib olması ilə yanaşı, zəlzələ, sunami və digər təbii fəlakətlərin təhlükəsi nəzərə alınmalıdır", - Əroğlu qeyd edib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Rusiya Prezidenti Dmitri Medvedevlə birgə mətbuat konfransında deyib ki, Türkiyə mümkün zəlzələlər səbəbindən atom elektrik stansiyasının tikintisindən imtina etmək niyyətində deyil. Məlumatı RİA Novosti yazır.

"Mən artıq demişəm ki, zəlzələ hər yerdə mümkündür və ölkəmiz seysmik baxımdan təhlükəli ərazidədir. Biz lazımi tədbirlər görürük ki, tikdiyimiz obyektlər daha təhlükəsiz olsun", - o vurğulayıb.

"Atom elektrik stansiyaları tikilən zaman obyektin 8 və 9 bala dözməsi üçün lazımi tədbirlər görəcəyik", - Ərdoğan əlavə edib.

Martın 11-də baş vermiş zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" və "Fukusima-2" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Şənbə günü, bazar ertəsi və çərşənbə axşamı "Fukusima-1"də müvafiq olaraq birinci, ikinci və üçüncü reaktorlarda partlayışlar baş verib. 20 kilometr radiusda olan əhalinin təxliyyəsi elan edilib. Sonradan çərşənbə axşamı Yaponiya hökuməti AES-in dördüncü blokunda yanğının baş verdiyi, eləcə də beşinci və altıncı bloklarda istiliyin artdığı barədə məlumat yayıb. Yaponiya Baş nazirinin verdiyi məlumata görə, dördüncü blokda hidrogenin partlaması və yanğın səbəbindən atmosferə radiasiya sızıb. İndi stansiyada radiasiyanın səviyyəsi sağlamlıq üçün təhlükə törədir.

Xəbər lenti

Xəbər lenti