Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir T.Cəfərov/
Ev dustaqlığında saxlanılan İranın müxalifət liderlərindən olan Mehdi Kərrubi gələcək parlament seçkilərini "sifarişli" seçkilər adlandırdığına görə ailəsi ilə görüşməkdən və qəzet oxumaqdan məhrum edilib. Bunu Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi deyib. Trend-in məlumatına görə, bu barədə sahamnews.org saytı məlumat verir.
Bundan əvvəl İranın Etimad Milli Partiyasının Baş katibi və islahatçıların liderlərindən olan Mehdi Kərrubi növbəti parlament seçkilərini "sifarişli" seçkilər adlandırmış və demişdi ki, dövlət seçkiləri keçirmək əvəzinə, öz nümayəndələrini təyin etsin. Kərrubinin bu mesajını onun həyat yoldaşı Fatimə Kərrubi İranın müxalif saytlarına müsahibəsində açıqlamışdı.
Fatimə Kərrubi deyib ki, bu mesajı yayımladıqdan sonra təhlükəsizlik qüvvələri onun Mehdi Kərrubi ilə görüşünə icazə verməyiblər və ona qarşı təhqiredici hərəkət ediblər.
Ötən ilin mart ayının 2-də Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi İranda müxalifət liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin həbs edilməsi barədə məlumatı təkzib edib.
Musəvi və Kərrubi bir ilə yaxındır ki, ev dustağı olublar.
İranda keçiriləcək parlament seçkilərinə ümumilikdə 5283 namizəd qeydiyyatdan keçib.
İranda IX çağırış parlament seçkiləri 2012-ci il mart ayının 2-də keçiriləcək .
İranda keçiriləcək qarşıdakı seçkilərdə əsas rəqiblər İslahatçılar və Mühafizəkarlar (Üsulgəralar) düşərgələridir. Lakin İranın müxalifyönlü KİV-lərinin məlumatına əsasən, İslahatçılar düşərgəsindən bəzi partiyalar, qruplar və şəxslər seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.