Azərbaycan, Bakı, 10 aprel /Trend/
Rusiyada müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli şəxslərdən biri Həmzət Baxayevin vəkili onun cinayət zamanı başqa yerdə olduğuna dair dəlil gətirib. Trend "Kommersant"a istinadən xəbər verir ki, bu barədə H.Baxayevin vəkili Zaurbek Sadaxanov bildirib.
Onun sözlərinə görə, qətlin törədildiyi 27 fevral 23:30 radələrində Baxayev "Kuntsevskaya" metrostansiyasının vestibülündə rəfiqəsini qarşılayıb. Sonra onlar Baxayevin İvan Franko küçəsindəki mənzilinə gediblər. Vəkil Baxayevin və rəfiqəsinin 2 gün həmin mənzildə qaldığını deyib. Qadın dindirmə zamanı müttəhimin sözlərini təsdiq edib. Protokol artıq Rusiya Federasiyası Təhqiqat Komitəsinə də təqdim olunub.
İstintaq isə hesab edir ki, Baxayev birbaşa şəkildə Nemtsovun qətlində iştirak etməyib, lakin cinayət icraçıları Zaur Dadayev, Anzor Qubaşev və Beslan Şavanovu sığınacaqla təmin edib. Müstəntiqlərin iddiasına görə, qətldən sonra iki gün boyunca həmin şəxslər Baxayevin Moskva vilayətində Kozino qəsəbəsindəki evində qalıblar.