Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Təmkin Cəfərov /
Mübarək Ramazan ayının son günlərində ölkəmizin güclü diplomatları 5+1 ölkələri ilə nəfəs kəsən danışıqlarda diplomatiyada inqilabın bir nümunəsini göstərdilər və sübut etdilər ki, İslam İnqilabının prinsiplərini qorumaqla, siyasi iradə və beynəlxalq təcrübə ilə İran xalqının hüquqlarını qorumaq olar. Bu sözləri Trend-ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.
M.Pakayin bildirib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılığı ilə nüvə müzakirələrini aparan nümayəndə heyəti İran xalqını təzyiq və sanksiya ilə təslim olmağa məcbur edə bilməyəcəyini böyük güclərə başa saldı: "İnqilabi bir diplomatiya yürütməklə İrana bir neçə sentrifuqanın işə salınmasını qadağan edən həmin güclər Nətənz və Fordoda minlərlə sentrifuqanın fəaliyyətini və uranın zənginləşdirmə haqqını tanımaqla yanaşı, həm də razılaşdılar ki, bütün qanunsuz sanskiyaları ləğv etsinlər".
Səfir bildirib ki, Vyanadakı anlaşma İran xalqının milli nailiyyətidir, müqavimət və həmrəyliyinin nəticəsidir: "İranın müzakirələrdə müvəffəqiyyət qazanması dünya ölkələri, xüsusi ilə region ölkələri tərəfindən alqışlandı. Bu önəmli bir məsələdir və göstərir ki, bəzi qərb KİV-lərinin təbliğinin əksi olaraq İranın nüvə müzakirələrindəki qələbəsi qonşu ölkələrin mənafeyinə zidd deyil. Bu səbəb olacaq ki, İran region ölkələri, xüsusi ilə qonşu ölkələrlə dostluq münasibətlərini gücləndirsin. İran heç vaxt qonşu ölkələrinin maraqlarını digər ölkələrin maraqlarına qurban verməyəcək".
M.Pakayin sonra əlavə edib ki, Prezident H.Ruhani də çıxışında qeyd etdiyi kimi, İranın gücü Fars körfəzi, Mərkəzi Asiya və Qafqazdakı qonşu ölkələrin sabitlik və təhlükəsizliyinin təminatının xidmətindədir.