Bakı. Trend:
Müxalifət TCG Anadolu-nu həzm edə bilmir.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonkarahisar Zəfər Meydanında vətəndaşlarla keçirilən görüşü zamanı deyib.
"TCG Anadolu artıq İstanbulda ictimaiyyətə açıqdır. Camaat bu gəmiyə heyrandır, amma müxalifət TCG Anadolu-nu görüncə qıcıqlanır. Onlar bacarmadığı üçün biz bunu etdik. Hazırda TCG Anadolu-da olanlar isə deyirlər ki, Allaha şükür, belə bir təyyarədaşıyan gəmimiz var. İHA var, SİHA var, Akıncı var, Kızılelma var. Onların hamısı hazırda TCG Anadolu-nun göyərtəsindədir", - deyə Ərdoğan bildirib.
Məlumat üçün qeyd edək ki, TCG Anadolu amfibiya tipli hücum gəmisi Türkiyənin ən böyük hücum gəmisidir. Gəminin tikintisinə 2014-cü ildə başlanılıb.1iyul 2020-ci ildə gəminin liman testlərinin ardınca 20 iyun 2022-ci ildə dəniz sınaqları tamamlanıb. Ən müasir radar və sensorlarla təchiz edilmiş gəmi tanklar və zirehli maşınlar da daxil olmaqla 100-ə yaxın avtomobili göyərtəsində, həmçinin desant maşınları və qayıqları daşımağa qadirdir. Gəmi 27 min 436 ton yük daşıma qabiliyyətinə malikdir.
Qeyd edək ki, gəmi 24 aprel tarixində İstanbul Boğazından keçərək vətəndaşları salamlayacaq.