Bakı. Trend:
Bu gün Qırğızıstan ilə Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq, qardaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinə, bütün səviyyələrdə etimada əsaslanan dialoq qurulub.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı zamanı deyib.
"Şavkat Mirziyoyev tərəfindən aparılan konstitusiya islahatları ilə yanaşı, ölkənin gələcək inkişafı üçün yeni ideyaların və prinsiplərin həyata keçirilməsi istiqamətində atılan addımlar Özbəkistanın dünya siyasətində imicinin möhkəmlənməsinə töhfə verir", - deyə Sadır Japarov bildirib.
Sadır Japarov Şavkat Mirziyoyevi ölkənin gələcək inkişaf yolunu müəyyən edən növbəti mühüm və tarixi hadisəyə çevrilmiş konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə ürəkdən təbrik edib.
Məlumat üçün qeyd edək ki, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının 2023-cü il 10 mart tarixli və Ali Məclis Senatının 14 mart tarixli qərarları ilə Özbəkistan Respublikasının Konstitusiya qanunu layihəsi üzrə aprelin 30-da referendum keçirilib. Özbəkistan prezident Şavkat Mirziyoyev 1992-ci ildə qəbul edilmiş Özbəkistan Konstitusiyasına 200-ə yaxın düzəlişin edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Konstitusiyaya 27 maddənin daxil edilməsi nəzərdə tutulub, onların ümumi sayı 128-dən 155-ə çatdırılıb.