Bakı. Trend:
2023-ci ilin yanvar-may aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 605 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 494 obyekt azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin may ayında Qazaxıstan vətəndaşları Türkiyədə 107 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 111 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyədə 113 min 276 mənzil satın alınıb ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 7,7 faiz azdır.
Məlumata görə,2023-cü ilin yanvar-may aylarında Türkiyədə 482 min 143 mənzil satın alınıb.
"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2023-cü ilin may ayında Türkiyədə xarici vətəndaşlara 3 min 167 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz azdır.
Eyni ilin yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 16 min 650 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azdır.