...

Ötən ay “ən isti yanvar” kimi tarixə düşüb

Dünya xəbərləri Materials 8 Fevral 2024 14:57 (UTC +04:00)

Bakı. Trend:

Yerin distansiyadan zondlama sistemi - “Copernicus” ilə aparılan hesablamalara görə, ötən ay indiyədək qeydə alınan “ən isti yanvar” olub.

Trend xəbər verir ki, 2024-cü ilin yanvarında yer səthində 13,14 dərəcəlik orta temperatur qeydə alınıb. Bu, 1991-2020-ci illərin eyni dövrləri üzrə orta göstəricidən 0,7 dərəcə, 2020-ci ildə müşahidə edilən öncəki rekorddan isə 0,12 dərəcə yüksəkdir.

Məlumatda, son səkkiz ayın da ən isti aylar olduğu və son 12 ayda (2023-cü ilin fevralından 2024-cü ilin fevralınadək) qlobal orta temperaturun 1991-2020-ci illərdə qeydə alınan göstəricidən 0,64 dərəcə çox olduğu vurğulanır.

Avropanın şimal və cənub bölgələrində fərqli temperaturlar qeydə alınıb. Skandinaviya ölkələrində bu göstərici 1991-2020-ci illərə nisbətən aşağı, cənubda isə xeyli yuxarı olub.

Dünya üzrə göstəricilər də regionlara görə dəyişib. Şərqi Kanadada, Şimal-Qərbi Afrikada, Yaxın Şərqdə və Mərkəzi Asiyada termometrlər orta səviyyədən xeyli yuxarını, Qərbi Kanada, Mərkəzi Amerika və Şərqi Sibirdə isə aşağını göstərib.

“Copernicus” İqlim Dəyişikliyi Xidməti atmosferə atılan istixana effektli qazların sürətlə azaldılmasının qlobal temperaturun yüksəlməsini dayandırmağın yeganə yolu olduğu barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti