Bakı. Trend:
İsrailin Kopenhagendəki Səfirliyinin yaxınlığında baş vermiş partlayışdan sonra terror aktlarında şübhəli bilinən iki isveçli polisin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində saxlanılıb.
Trend xəbər verir ki, 16 və 19 yaşlı yeniyetmələrin əllərində 5 qumbara olub, onlardan ikisi səfirliyin yaxınlığında atılıb.
Prokuror Soren Harbonun sözlərinə görə, saxlanılanlar müstəqil şəkildə hərəkət etməyiblər. Yeniyetmələr Stokholmda yaşayır və əvvəllər ağır cinayətlərdə şübhəli bilinməyiblər və heç vaxt məhkum olunmayıblar. Danimarka polisi İsveç və Almaniya ilə sərhədlərdə nəzarəti artırmaq qərarına gəlib. Bu tədbirlər "həyat üçün təhlükəli cinayətlərin" qarşısını almaq məqsədilə nəqliyyat vasitələrinin və sərnişinlərin təsadüfi yoxlanılması ilə həyata keçirilir.
"Son hadisələr, təəssüf ki, Danimarkada terror təhlükəsinin ciddi olduğunu təsdiqləyir. Biz vəziyyəti diqqətlə izləyirik, ümumi təhlükəsizliyə təhdidi qiymətləndiririk və daim lazım olan tədbirləri görürük", - deyə polis rəisi Peter Ekebyerq bildirib.
Digər 19 yaşlı İsveç vətəndaşı da saxlanılıb, lakin sonra sərbəst buraxılıb və artıq şübhəli şəxs hesab edilmir.