Bakı. Trend:
Portuqaliya hökuməti Pireney yarımadasında baş vermiş böyük elektrik nasazlığından sonra Fransanın elektrik enerjisi təchizatındakı gecikmələr səbəbindən Avropa Komissiyasına (AK) rəsmi müraciət etməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə Portuqaliyanın energetika naziri Maria da Qrasa Karvalyo “Financial Times” qəzetinə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, müraciətin əsas məqsədi Fransa üzərinə sərhədlərarası elektrik enerjisi ötürülməsi ilə bağlı təzyiqin artırılmasıdır. “Bu, sadəcə üç ölkənin deyil, bütövlükdə Avropanın məsələdir”, – deyə Karvalyo vurğulayıb və əlavə edib ki, Portuqaliya bununla bağlı Avropa Komissiyasının Prezidentinə rəsmi müraciət edəcək.
“Financial Times” yazır ki, Parisin yeni enerji bağlantılarının qurulması ilə bağlı gecikmələri Pireney yarımadasını enerji baxımından zəif vəziyyətə salıb. Qəzetin məlumatına görə, Portuqaliya və İspaniya Avropa İttifaqı ilə ən aşağı elektrik əlaqə səviyyəsinə malik olan ölkələr sırasındadır.
Xatırladaq ki, 28 aprel tarixində İspaniya və bir sıra Avropa ölkələrində elektrik şəbəkəsində genişmiqyaslı nasazlıq qeydə alınıb. Həmin gün Fransa və İspaniya arasında mövcud olan elektrik ötürücü xətləri daha böyük sistemin qorunması məqsədilə avtomatik şəkildə söndürülüb.