...

Prezident İlham Əliyevin Zirvə görüşü: Avropa liderləri Azərbaycanın yaratdığı yeni siyasi reallıqları qəbul edir - RƏY

Siyasət Materials 17 May 2025 18:00 (UTC +04:00)
Prezident İlham Əliyevin Zirvə görüşü: Avropa liderləri Azərbaycanın yaratdığı yeni siyasi reallıqları qəbul edir - RƏY
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa siyasi birliyinin sammitində iştirakı və bu çərçivədə keçirdiyi görüşlər və ayrı-ayrı siyasi liderlərlə təmasları bir daha göstərdi ki, Avropa liderləri Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqları qəbul edir və bu reallıqlardan irəli gələn imkanlara əhəmiyyət verirlər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın yaratdığı yeni status kvonun üstünlüklərinə fokuslanan əməkdaşlıq çoxşaxəlidir:

“Burada nəqliyyat, logistika, enerji, iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq eyni zamanda təhlükəsizliklə bağlı məsələlər əhatə olunur. Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Azərbaycahnın yaratdığı yeni siyasi reallıqlar həm Avropa ölkələrinə münasibətdə, həm də şərqə doğru münasibətlərin inkişafında geniş potensialın olduğunu ortaya qoydu. İndiyə qədər belə bir fikir tirajlanırdı ki, Avropa İttifaqının regiondakı münasibətində öndə Ermənistan dayanır. Orada bəziləri bölücü xətlər yaratmaq, nifaq üçün zəmin hazırlamaq istəyirdilər. Amma Azərbaycan malik olduğu potensial əməkdaşlıq imkanları ilə bunun heç də beləö olmadığını göstərdi və regionda özünün söz sahibi olduğunu bir daha təsdiq etdi. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasəti və həmin siyasətdə iqtisadiyyat və enerji sahəsində olan əməkdaşlıqdan tək region dövlətləri deyil, regionla həmsərhəd dövlətlərin də bəhrələnməsi bir daha özünü göstərdi”.

Deputat qeyd edib ki, Azərbaycan Avropa siyasi birliyində təmsil olunan 10 dövlətin enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayır:

“Avropa İttifaqının Orta Asiya və Çinlə münasibətlərində Azərbaycanın malik olduğu vacib coğrafi mövqe və nəqliyyat infrastrukturunun əhəmiyyəti bir daha artır. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan-Çin hərtərəfli strateji əməkdaşlıq əlaqələrinin yaradılması haqqında Birgə bəyanatda Çin-Avropa-Çin Transxəzər ekspress marşrutunun yaradılması və marşrut boyunca olan dövlətlərin əməkdaşlıq imkanları ilə bağlı müddəa yer almışdı. Bu onu göstərir ki, Azərbaycan öz xarici siyasətində milli maraqlara əsaslanan çoxşaxələndirilmiş xarici siyasət kursu həyata keçirir və bu kurs sülhə, sabitliyə, əməkdaşlığa xidmət edir. Avropa siyasi liderlərinin Azərbaycan Prezidenti ilə təmaslara maraq göstərməsinin əsasında da bu sahədə Azərbaycanın qazandığı təcrübə mübadiləsi dayanır. Aktual bir misal, bütün qərb xüsusi intensivliklə çalışsa da Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail ola bilmir. Amma Azərbaycan öz potensialı ilə 30 illik işğala son qoydu və regionda sülh və sabitlik yaratdı. Regionda yaranmış sülh və sabitlik beynəlxalq sülhün tərkib hissəsidir. Bununla da əməkdaşlıq üçün yeni imkanlarınn yaranmasına töhfə verdi. Avropa siyasi birliyi Aİ-yə üzv olan dövlətlərlə yanaşı ümumavropa dövlətlərini bir araya gətirir. Yəni, 27 Aİ üzvü dövləti və 20 Avropa məkanında olan dövlətləri. Bu dövlətlərlə Azərbaycan həm ikitərəfli çərçivədə, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirir. Həmin dövlətlər arasında zaman-zaman Azərbaycana qarşı siyasət yürüdən dövlətlər də var idi. Amma biz görürük ki, həmin dövlətlər də Azəbaycanın yaratdığı yeni əməkdaşlıq imkanlarının üstünlüklərini qəbul edirlər. Azərbaycanın təkcə region deyil, eyni zamanda Yaxın Şərqdə Türkiyə ilə TANDEM çərçivəsində sabitliyə xidmət edən siyasətini də görürlər. Bütün bunların ümumi analizi onu deməyə əsas verir ki, Azərbaycan bu gün orta güc kimi özünü təsdiq edir, sülhə, əməkdaşlığa, sabitliyə töhfə verir”.

Siyasi şərhçi Turab Rzayev isə Trend-ə bildirib ki, Azərbaycanın vaxtilə Avropa İttifaqı, daha dəqiq desək Aİ rəhbərliyi ilə müəyyən problemləri olub:

“Hətta burada problem Avropa Şurası Parlament Assambleyası ilə olub ki, o əsas icra edici orqan deyil. Əsas icra edici orqan Avropa İttifaqının öz rəhbərliyidir. Parlament Assambleyası sadəcə olaraq tövsiyə edici funksiyha daşıyır. Buna baxmayaraq onlar davamlı olaraq anti-Azərbaycan siyasəti, Azərbaycan əleyhinə sanksiyalar başlatmaq cəhdləri ilə çıxış ediblər. Bunlar Azərbaycanla Aİ arasında müəyyən soyuqluq yaratmışdı. Amma Aİ ilə Azərbaycan əlaqələrinin tamamilə pis olduğunu demək mümkün deyildi. Çünki Azərbaycanın xüsusilə Balkan ölkələri ilə çox yaxşı münasibətləri var. Albaniya, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan və Xorvatiya ilə çox yaxşı münasibətlər. Albaniya müxtəlif platformalarda Azərbaycanı dəfələrlə müdafiə edib. İndi də görüş elə Albaniyada keçirilib”.

Politoloqun sözlərinə görə, Azərbaycanın böyük Avropa ölkələri ilə də Azərbaycanın müsbət münasibətləri var:

“Məsələn İtaliya ilə yaxşı münasibətlər var. İtaliya-Azərbaycan müdafiə sənayesində əməkdaşlıq gücləndirilir. Azərbaycan İtaliyadan 1.5-2 milyardlıq texnoloji silahlar almaq istəyir. İtaliya Müdafiə Nazirliyi də bu satışın həyata keçirilməsində maraqlıdır. Sadəcə hökumətdə olan anti-Azərbaycan qüvvələr buna mane olurlar. Eyni şəkildə Almaniya ilə də münasibətlər inkişaf etməkdədir. Daha əvvəllər problemlər olsa da Münihdəki çıxışı, Almaniya rəhbərinin Azərbaycana səfəri də gözümüzün önündə baş verir. Azərbaycanın münasibətləri bütün Avropa ölkələri ilə pis olmayıb. Əsasən neqativ hallar Fransa ətrafı ölkələrdən, Belçika, Hollandiya, İsveçrə, İspaniyadan müşahidə olunur. Makron Orta Asiyanın resurslarını Fransaya daşınmasını istəyir. Amma bunu necə edəcək?! Hazırda Rusiya üzərindən bu mümkün olmayacağına görə, digər alternativ Azərbaycan ərazisidir. Ona görə də Fransa rəhbərliyi Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışsa da görünür ki, onların da bizə ehtiyacı var. Düşünürəm ki, Aİ ilə ümumi neqativ hal müvəqqəti xarakter daşıyır. Ən azından Avropa Dövlətləri ilə əməkdaşlığımız var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti