...

Özəl məktəblər ödənişli imtahan keçirir: Müəllimlərin işə qəbulu niyə çətindir?

Cəmiyyət Materials 17 May 2025 02:05 (UTC +04:00)
Özəl məktəblər ödənişli imtahan keçirir: Müəllimlərin işə qəbulu niyə çətindir?
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Tez-tez özəl məktəblərə müəllim qəbulu üçün imtahanlar keçirilir. Bu imtahanların əksəriyyəti ödənişli olaraq həyata keçirilir. İmtahanların keçirilməsinə baxmayaraq, müəllimlərin heç biri işə qəbul olunmur.

Məsələ ilə bağlı Trend-ə danışan elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda son illərdə özəl məktəblərin sayında ciddi artım müşahidə olunur.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin 2023-cü ilə olan məlumatına əsasən, ölkədə fəaliyyət göstərən 60-dan çox özəl ümumi təhsil müəssisəsi var:

"Bu məktəblər əsasən Bakı və Abşeron bölgəsində cəmləşib və daha yüksək əməkhaqqı və şərait vədi ilə müəllimlərin diqqətini çəkir. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, bu məktəblərin əksəriyyəti müəllim qəbulunu rəsmiyyət, şəffaflıq və obyektivlik prinsiplərinə uyğun deyil, qeyri-formal, kommersiya yönümlü mexanizmlərlə həyata keçirir. Son dövrlər sosial şəbəkələrdə və müəllim forumlarında tez-tez yayılan şikayətlər göstərir ki, bəzi özəl məktəblər ayda bir neçə dəfə “müəllim qəbulu imtahanı” keçirir, lakin imtahanda iştirak edən onlarla namizəddən heç biri işə qəbul olunmur. Maraqlı məqam odur ki, bu imtahanların əksəriyyəti ödənişli əsasda təşkil olunur – adətən 15-30 manat aralığında iştirak haqqı tələb edilir. Bu isə sual doğurur: əgər həmin məktəblər real olaraq müəllim axtarırsa, niyə bir nəfər belə işə qəbul olunmur? Və əgər hər ay eyni proses təkrarlanırsa, bu artıq “kadr seçimi” deyil, sistematik gəlir mənbəyinə çevrilmiş kommersiya fəaliyyətidir”.

Ekspert əlavə edib ki, özəl məktəblər “Təhsil haqqında” Qanunun 13-cü və 23-cü maddələrinə əsasən, təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmış, lakin təsisçinin sərbəst qərarvermə hüququna malik qurumlardır:

“Bu isə onların müəllim qəbulunda istədikləri proseduru seçməsinə şərait yaradır. Lakin bu azadlıq onların etik və peşəkar prinsiplərə zidd fəaliyyət göstərməsinə haqq qazandırmır. Əgər məktəb imtahan keçirir və buna görə pul alırsa, həmin imtahanın nəticələri, seçim meyarları və vakansiyalar ictimaiyyətə açıqlanmalıdır. Bu baş vermədikdə isə prosesin məqsədinin müəllim seçmək yox, sistematik pul yığmaq olduğu qənaəti güclənir.Ən çox rast gəlinən hallar budur ki, müəllimlər bir neçə mərhələdən ibarət imtahan və müsahibə prosesindən keçdikdən sonra “biz hələ qərar verməmişik”, “dəqiq vakansiya yoxdur”, “növbəti mərhələ olacaq” kimi qeyri-müəyyən cavablarla qarşılaşırlar. Bu qeyri-müəyyənlik isə müəllimlərə həm maddi, həm də psixoloji yük gətirir və ümumi etimadı sarsıdır. Bir çox halda isə imtahan sualları bəsit səviyyədə hazırlanır və bu da prosesin formallıq naminə təşkil edildiyinin göstəricisidir”, - o vurğulayıb.

“Bu problemin qarşısını almaq üçün dövlət səviyyəsində minimum tənzimləyici mexanizmlər hazırlanmalıdır. Özəl məktəblərdən imtahan və ya müsahibə qarşılığında ödəniş almaq qadağan edilməli və ya ciddi şəkildə şəffaflaşdırılmalıdır. Hər hansı ödəniş tələb edilirsə, rəsmi qəbz, vakansiya məlumatı, nəticələrin açıqlanması və şikayət mexanizmləri təmin olunmalıdır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə monitorinqlər aparmalı, özəl məktəblər üçün etik davranış kodeksi və müəllim seçimi üzrə tövsiyə sənədi hazırlamalıdır.Əgər müəllimlər təhsil sisteminin əsas dayağıdırsa, onların istismarı üzərində qurulmuş kommersiya praktikasına göz yumulmamalıdır. Təhsilin keyfiyyətindən danışmaq üçün əvvəlcə bu keyfiyyəti təmin edəcək müəllimlərin seçimində ədalət, şəffaflıq və hörmət prinsipləri təmin edilməlidir. Bu, təkcə müəllimlər üçün deyil, ümumilikdə ölkənin gələcəyi üçün vacib məsələdir”, - K.Əsədov bildirib.

Ekspert Elmin Nuri isə Trend-ə qeyd edib ki, özəl məktəblər özlərinin təhsil infrastrukturu, göstəriciləri ilə fərlənsələr də atdıqları bəzi addımlarla razılaşmaq mümkün deyil:

“Onlardan biri də bəzi özəl təhsil müəssisələrinin müəllimləri işə qəbul edən keçirdiyi müsabiqədə ödəniş tələb etmələridir. Başa düşürəm, özəl təhsil müəssisələrinin bəziləri xaricdə təhsil müəssisələrindən beynəlxalq proqramları götürür. Onların tədrisi üçün də güclü müəllimlər lazımdır. Bunun üçün seçim edə, müsabiqə keçirə bilərlər. Mən bunu iki əlli alqışlayıram. Həmçinin bir çoxu tələbələrdən yüksək səviyyədə illik təhsil haqqı aldıqları üçün daha güclü pedaqoqlarla işləmək məsuliyyətini dərk edirlər. Burada müəllimlərin müsabiqə keçirilməsinə ürəkdən razıyam”.

O qeyd edib ki, müəllimləri işə qəbul etmək üçün keçirilən imtahanın ödənişli keçirilməsi başadüşülən deyil.

“Özəl təhsil müəssisələrinin rəhbərləri inciməsin, bu imtahanın nə qədər xərci var ki, müsabiqə ödənişlə həyata keçirirlər?! Hamı bilir ki, bir çox müəllimlər özəl təhsil müəssisələrində çalışmaq istyər. Komfort şərait, yüksək əmək haqqı, yüksək hazırlıqlı uşaqlar müəllimləri cəlb edir. Müəllimlər imtahana ödəniş məbləğini ödəyib gələcək. Amma məncə burada sui-istifadə halları mövcuddur. Şəxsən mənim təhsil müəssisəm olsa, orada müəllimləri müsabiqə ilə qəbul edərəm. Hətta bunu test və müsahibə olmaqla iki mərhələli şəkildə həyata keçirərəm. Burada ödəniş alınması absurddur. Bundan tamamilə əl çəkmək lazımdır. Bir müsabiqə təşkil olunur, testlər hazırlanır, məkan arendaya götürülür, müəyyən texniki xərclər var. Amma güclü müəllim lazımdırsa, bütün bunları nəzərə almalısan. Bunun başqa yolu yoxdur, almırsansa, başqa formatda keçir. Ödənişli şəkildə müsabiqə keçirirlər 100 müəllimdən sadəcə 2-ə iş verirlər. Bu “ənənə”ni yığışdırmaq lazımdır”, - ekspert əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti