Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın “İran nüvə silahına sahib olmamalıdır” açıqlaması İranın nüvə proqramı ilə əlaqədar anlaşmanın əsas prinsipi olaraq istifadə edilə bilər.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Seyid Abbas Araqçi özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu açıqlama, əslində, İranın doktrinası ilə eyni istiqamətdədir.
Araqçi bildirib ki, 15 iyunda dolayı müzakirələrin yenidən başlaması ilə aydındır ki, İranın nüvə proqramının dincməqsədli şəkildə davam etməsinə zəmanət verə biləcək, hətta daha sürətli şəkildə əldə oluna biləcək anlaşma mümkündür.
“Hər iki tərəf üçün səmərəli olan belə anlaşma Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tam nəzarəti altında İranın uranı zənginləşdirmə proqramını davam etdirməsi və sanksiyaların effektiv şəkildə ləğv olunmasından asılıdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.