...

İran özünümüdafiə haqqından istifadə edir – Araqçi

Dünya xəbərləri Materials 15 İyun 2025 12:29 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrailin hücumlarına cavab olaraq tam şəkildə özünümüdafiə haqqından istifadə edir.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (15 iyun) Tehranda xarici ölkələrin diplomatları ilə görüşdə deyib.

Onun sözlərinə görə, təbii ki, İrana hücumlar dayandığı halda, İranın da reaksiyaları dayandırılacaq.

Araqçi deyib ki, həmin məntiqlə İran ABŞ ilə dolayı şəkildə 5 raund müzakirə aparıb. 6-cı raundda İran ehtimal olunan razılaşma çərçivəsində öz təklif paketini ABŞ tərəfinə təqdim etməyi nəzərdə tutmuşdu. ABŞ tərəfi ötən raundda öz təklif paketini İran tərəfinə təqdim etmişdi. İranın qənaətincə, ABŞ-nin təklif paketində bir sıra problemlər vardı və İran tərəfindən qəbuledilməz idi. İranın fikrincə, təklif olunacaq paket anlaşmanın əldə olunması üçün şərait yarada bilərdi.
“İsrail tərəfi İran və ABŞ arasında nüvə məsələsi üzrə heç bir anlaşmanın əldə olunmasını istəmir. Nüvə proqramı ilə əlaqədar İran və ABŞ arasında dolayı müzakirələrin davam etdiyi bir vaxtda, İsrailin İrana hücum etməsi bunu deməyə əsas verir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Xəbər lenti

Xəbər lenti