Bakı. Trend:
Atlantik okeanında amerikalı hərbçilər tərəfindən saxlanılan Rusiya bayrağı altında üzən “Marinera” tankerini Rusiya gəmiləri müşayiət etsə də, onlar Birləşmiş Ştatlara “baş qoşmamağa” qərar verdilər və çıxıb getdilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp yerli telekanallardan birinə verdiyi müsahibədə deyib.
“Bilirsiniz, biz ora çatmış Rusiya yük gəmisini ələ keçirdik ... Orada onu qoruyan rus gəmiləri də var idi. Onlar bizə “baş qoşmamağa” qərar verdilər və biz həmin gəmini ələ keçirdik. İndi onlar gəmidən nefti boşaldırlar,” – Tramp bildirib.
Qeyd edək ki, “Marinera” tankeri yanvarın 7-də Atlantik okeanının şimalında saxlanılıb. Gəmi Venesuelanın dəniz blokadasını keçə bilmədiyi üçün bir neçə həftə ərzində Rusiya bayrağı altında üzüb. Rusiya höküməti gəminin müvəqqəti olaraq Rusiya bayrağı altında üzməsinə icazə verdiyini, eləcə də gəminin göyərtəsində Rusiya vətəndaşlarının olduğunu təsdiqləyib.
