Bakı. Trend:
“Alman Dəmir Yolları” şirkəti Rayndland-Pfalts əyalətində bilet yoxlayan əməkdaşın ölümünə səbəb olan hücumdan sonra qatarlarda təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə Berlində xüsusi iclas təşkil edəcək.
Trend xəbər verir ki, “Tagesschau” xəbər xidmətinə istinadən, iclasda regional sürət qatarları və digər qatarlarda təhlükəsizliyin artırılması üçün təxirəsalınmaz tədbirlərin müəyyənləşdirilməsi müzakirə olunacaq.
İclasda hökumət, federal polis, regional nəqliyyat şirkətləri və aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.
Qeyd olunur ki, son dövrlərdə ictimai nəqliyyatda, xüsusən dəmir yolu vağzallarında və qatarlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tez-tez müzakirə mövzusu olub.
Dəmir yolu işçisinin ölümü ilə nəticələnən son hadisə Kayzerslautern şəhəri yaxınlığında baş verib. 36 yaşlı, türk əsilli konduktor sərnişinlərin biletlərini yoxlayarkən biletini göstərməkdən imtina edən şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan konduktor xəstəxanada vəfat edib. Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Hadisədən sonra siyasətçilər, polis və həmkarlar ittifaqları regional qatarlarda təhlükəsizlik əməkdaşlarının sayının artırılmasını yenidən tələb ediblər.
