Bakı. Trend:
Liviya sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində 53 miqrant, o cümlədən iki körpə həlak olub və ya itkin düşmüş hesab edilir.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, hadisə ötən cümə günü Aralıq dənizinin mərkəzi hissəsində, sahilyanı Zuvara şəhərinin şimalında baş verib. Qayıq buzlu suda aşıb.
Qeyd olunur ki, bu faciə zorakılıq və insan alverinə tez-tez məruz qalan həssas vəziyyətdə olan miqrant və qaçqınlarla bağlı insidentlər silsiləsində növbəti hadisədir.
Məlumata görə, qayıqda bir neçə Afrika ölkəsindən olan miqrantlar və qaçqınlar olub. Qayıq cümə axşamı yerli vaxtla saat 23:00 radələrində Əz-Zaviya şəhərindən yola çıxıb. Təxminən altı saat sonra qayığa su dolmağa başlayıb və bundan sonra o aşıb.
Miqrantların konkret olaraq hansı istiqamətə getdikləri hələlik məlum deyil.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, təkcə yanvar ayında Aralıq dənizinin mərkəzi hissəsində azı 375 nəfər həlak olub və ya itkin düşüb. Agentlik vurğulayıb ki, bir çox oxşar faciələr ehtimal ki, hakimiyyət orqanları və beynəlxalq təşkilatlar üçün naməlum qalır.
