Bakı. Trend:
Argentina Parlamentinin Deputatlar Palatası cinayət məsuliyyəti yaşının 16-dan 14-ə endirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Trend xəbər verir ki, sənədin lehinə 149 deputat səs verib, 100 deputat isə əleyhinə çıxıb. Qanun layihəsi baxılması üçün Senata göndəriləcək.
Təşəbbüsü Konqresə təqdim edən hökumət səsvermənin nəticələrini alqışlayıb.
Argentina Prezidenti Xavyer Mileyin ofisinin açıqlamasında bildirilib: “Argentina artıq mövcud olmayan bir ölkə üçün yaradılmış normalarla idarə olunmağa davam edə bilməz. Bu qanun layihəsi bu balanssızlığı düzəldir və istənilən nizamlı cəmiyyət üçün fundamental prinsipi təsbit edir: cinayət törədənlər yaşından asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar”.
Rəsmi məlumatlara görə, 2023-cü ildə 18 yaşdan kiçik şəxslər tərəfindən təxminən 2200 cinayət törədilib.
