Bakı. Trend:
Birləşmiş Ştatlar Kubaya az miqdarda yanacaq göndərmək imkanını nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə "The Economist" jurnalı məlumat yayıb.
Söhbət məişət qazı və ya su təchizatı infrastrukturunun fəaliyyətini təmin etmək üçün dizel yanacağının göndərilməsindən gedə bilər.
Nəşr qeyd edir ki, Vaşinqtonun bu cür yumşaldıcı addımı ABŞ Dövlət katibi Marko Rubionun Kuba üzərində nüfuzunu artıra və humanitar böhranın qarşısını almağa kömək edə bilər. Adaya qarşı ABŞ-nin gələcək blokada siyasətinin hansı ssenari üzrə inkişaf edəcəyi böyük ölçüdə Amerika diplomatiyasının rəhbərindən asılı ola bilər.
Vaşinqtonda ümid edirlər ki, yanacaq blokadası Kuba hakimiyyətini danışıqlar masasına əyləşdirməyə sövq edəcək. Lakin bu tədbirlər nəticə verməsə, Rubio daha sərt mövqe tutmaq çağırışları ilə güclü təzyiq altında qala bilər. Eyni zamanda, bu vəziyyət onun əleyhinə də işləyə bilər və o, potensial humanitar böhranın, eləcə də kubalı “qayıq qaçqınları”nın yeni dalğasının simvoluna çevrilə bilər.
Xatırladaq ki, bundan əvvəl Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin Kubaya tətbiq etdiyi neft blokadası fonunda Vaşinqton və Havana arasında dialoqda vasitəçi olmağa hazır olduqlarını bəyan etmişdi.
