...

Uralda "Russian Expo Arms-2006" hərbi texnika sərgisi açılıb

Dünya xəbərləri Materials 11 İyul 2006 19:06 (UTC +04:00)

"Russian Expo Arms-2006" beşinci beynəlxalq silah, hərbi texnika və döyüş sursatı sərgisi çərşənbə axşamı Nijni Taqildə (Sverdlovsk vilayəti) açılıb.

Təntənəli açılış mərasimi Nijni Taqil metalların sınaq institutunun poliqonunda keçirilib. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verib.

"Qısa vaxt ərzində Ural silah sərgisi mütəxəssislər arasında yüksək nüfuz qazanıb. Rusiyanın silah, hərbi texnika və sursatın inkişafında əldə etdiyi nailiyyətlər hamıya məlumdur", - deyə açılış mərasimində sənaye üzrə Federal agentliyin rəhbəri Boris Alyoşin bəyan edib.

Qeyd olunduğu kimi, vilayətin Sənaye, Energetika və Elm Nazirliyi Orta Urala 33 xarici ölkədən 44 nümayəndə heyətinin və ya təxminən 200 xarici iş adamı, konstruktor, hərbi texnika istehsalçısı, hərbi attaşelərin gəlişini gözləyirdi.

Sərgi təşkilatçıları Çexiya, Polşa, Çin, Almaniya, İsveçrə, Venesuela, İsveç, Ermənistan, Tacikistan, Misir, Hindistan, Böyük Britaniya, İspaniya, İran, Bolqarıstan və Mozambikdən gələn qonaqların ekspozisiyada iştirakı rəsmi şəkildə təsdiqlənib.

Nijni Taqildə beşinci beynəlxalq silah sərgisində iştirak üçün müqavilə Rusiyanın 34 bölgəsinin 254 müəssisəsi və 14 xarici ölkə tərəfindən imzalanıb.

"Təxminən 660 nəfər müəssisə rəhbəri, baş konstruktor, qabaqcıl mütəxəssis, silah istehsalçısı işgüzar ziyarətçi, nümayəndə heyətinin rəhbəri qismində qeydiyyatdan keçib", - deyə nazirlik nümayəndəsi bildirib.

Bütün arzu edənlərin poliqonda yerləşdirilməsi üçün daha bir qapalı pavilyonu təmir etmək və inzibati kompleksi sıxlaşdırmaq lazım gəlib. Bu, əlavə olaraq iki min kvadrat metr sahəni boşaltmağa imkan verib.

Sərginin açılışı üçün paradda Rusiya istehsalı olan 62 ədəd hərbi texnika iştirak edəcək.

Silah və sürsatların imkanlarının iki saat ərzində nümayişi sərginin ikinci günündə nəzərdə tutulub, həmin gün Nijni Taqildə xarici nümayəndə heyətləri işləyəcək.

Tamaşaçılar havad Su -27, Su-25, Mi-24 və Mi-28-i görə bilərlər. Poliqon üzərindəki səmada həmçinin radiolokasiya qarovul və müşahidə təyyarəsi də görünəcək.

Xüsusi olaraq səkkiz şəkilli yol hazırlanıb. Bu yolda T-90C və T-72M tankları hədəflərə atəş açacaq. Həmçinin ağır nəqliyyat vertolyotlarından desantların və hərbi texnikanın çıxarılması nəzərdə tutulub.

Rusiyanın doqquz hərbi təyyarəsi və üç vertolyotu havaya qalxacaq. Uçuş tapşırıqlarını yerinə yetirmək üçün üç Su-24M təyyarəsi, tək və qrup şəkilli pilotajı yerinə yetirmək üçün isə altı Su - 27 təyyarəsi cəlb olunub.

Aviaşou proqramı çərçivəsində Su-24M və Su-27MC təyyarələri 2,5 və 14,8 kilometr məsafədən meydançaya bomba atacaqlar. Su-27MC təyyarələri də hava döyüşü elementləri ilə pilotaj nümayiş etdirəcəklər.

İki Mi-24 vertolyotu yerdəki hədəfləri məhv etmək üzrə öz imkanlarını göstərəcəklər, Mi-26 vertolyotu isə desant çıxaracaq.

Bundan başqa, sərgi iştirakçıları və qonaqlar üçün yeni "Gecə ovçusu" adlı Mi-28N vertolyotu da nümayiş ediləcək.

İstehsalçılar pilotsuz uçuş aparatını nümayiş etdirəcəklər.

Avtomobil və zirehli tank texnikasının xüsusi yolda yarışı planlaşdırılıb.

Sərgidə bir sıra premyeralar gözlənilir. Belə ki, Ural optik-mexanika zavodu qırıcılar üçün optik-elektron nişan alma sistemləri təqdim edəcək. Bu barədə Sənaye, Energetika və Elm Nazirliyindən xəbər veriblər.

Sərgi iştirakçıları MiQ-29 və bütün modifikasiyalı Su təyyarələri üçün optik-elektron stansiyaları görə biləcəklər.

Sərgi çərçivəsində hər növ təmirin edilməsi, ehtiyat hissə tədarükü və mütəxəssis təlimi üzrə müəssisələrin imkanlarının təqdimat mərasimi keçiriləcək.

"Russian Expo Arms-2006" sərgisi iyulun 15-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti