Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün işgüzar səfərlə İspaniyaya yola düşüb. Bu barədə Trend "Kazinform"a istinadən xəbər verir.
Səfər zamanı dövlət başçısının İspaniya kralı Birinci Xuan Karlosla görüşü gözlənilir.
Sabah, sentyabrın 26-da isə N. Nazarbayev rəsmi səfərlə Amerika Birləşmiş Ştatlarına yola düşəcək. Bu səfər çərçivəsində dövlət başçısının ABŞ-ın keçmiş prezidenti böyük Corc Buşla, Konqress üzvləri və digər vəzifəli şəxslərlə yüksək səviyyədə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Sentyabrın 29-da N. Nazarbayevin ABŞ prezidenti Corc Buşla ikitəfərli görüşü, eləcə də Amerika KİV nümayəndələrinə müsahibəsi planlaşdırılır.
Xatırladaq ki, bir qədər əvvəl, sentyabrın 12-də Ağ ev Qazaxıstan prezidentinin ABŞ-a səfəri ilə bağlı rəsmi bəyanat vermişdi. Bəyanatda xüsusi olaraq qeyd olunur ki, Qazaxıstan Mərkəzi Asiyada mühüm strateji tərəfdaşdır.
Bu, respublika müstəqillik əldə etdiyindən bəri Qazaxıstan dövlət başçısının ABŞ-a altıncı səfəridir. İlk bu cür səfər 1993-cü ilin mayında, sonuncu dəfə isə 2001-ci ilin dekabrında baş tutub.