Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ukrayna prezidenti Viktor Yuşşenkonu Konstitusiya Məhkəməsinin (KM) işinin təcrid olunması vəziyyəti qane edir. Kiyevin Siyasi Araşdırmalar və Konfiliktologiya Mərkəzinin direktoru Mixail Poqrebinski belə hesab edir.
Çərşənbə günü Trend ə prezident tərəfindən KM hakimləri Pşeniçnı və Stanikini tutduqları vəzifəsindən azad etməsini şərh edən ekspert bildirib: "İki sərəncamda məntiq aydındır - Konstitusiya Məhkəməsi tərəfindən qərarların qəbuluna yol verməmək. Belə görünür ki, prezident bu addımlara ona görə gedib ki, qərar onun xeyrinə olmayacaq və parlamentin buraxılması haqqında sərəncam qeyri-konstitusion elan olunacaq".
Politoloqun fikrincə, daha sonra prezident hökumətə növbədənkənar seçkilərin keçirilməsi üçün pulun ayrılması ilə bağlı təzyiq göstərməyə başlayacaq. Bununla belə, o, prokurorluq tərəfindən müvafiq fərmanın yerinə yetirilməməsi ilə bağlı cinayət işinin qaldırılacağını da istisna etməyib. Poqrebinski hesab edir ki, KM hətta bu fərmanın qeyri-konstitusion olması barədə qərar da qəbul edə bilər, lakin bu qərarlar prezident tərəfindən qəbul olunmayacaq, belə ki, formal olaraq KM-də "kvorum yaratmaq" imkanı var.
Ekspertin fikrincə, prezidentin bü hərəkətləri onun Avropa tövsiyələrini nəzərə almayan biri kimi görünməməyi arzulamasından irəli gəlir. Lakin AŞPA-nın tövsiyələrində yazılıb ki, münaqişənin bütün tərəfləri Konstitusiya Məhkəməsinin qərarlarını yerinə yetirməlidir. "Buna görə prezident bu qərara yol vermək istəməyib, belə ki, o, çətin vəziyyətə düşərdi və bu qərarı yerinə yetirməli olardı. Məhz buna görə tamamilə aydındır ki, o, hələ bu günə qədər heç bir güzəştə getməyə hazır deyil" - deyə Poqrebinski bildirib. Daha sonra politoloq əlavə edib: "Elə təəssürat yaranıb ki, prezident güc tədbirlərilə əks tərəfi "əyərək" öz mövqeyini "satmağa" çalışacaq. Əlbəttə ki, bu, mütləq tanklar olmalı deyil. Lakin Yuşşenkonun bu məqsədlə prokurorluğu istifadə etməyə cəhd etməsi aydındır. O, artıq bu məqsədlə təhlükəsizlik xidmətini istifadə edir".
Hadisələrin sonrakı inkişafına toxunan politoloq hesab edir ki, legitim seçkiləri iyunda keçirmək mümkün olmayacaq. Bu, prezident üçün aydın olduqda, həmin vaxt seçkilərin daha gec vaxta təyin olunması ilə Yuşşenkonun şərtləri daxilində hər hansı bir güzəştin tapılacağı mümkün olacaq. Poqrebinskinin fikrinə görə, belə vəziyyət ölkədə gələcəkdə sabitliyin və həmçinin iqtisadi vəziyyətin pozulmasına şərait yaradacaq. "Vəziyyətlərin təzyiqi altında Regionlar Partiyasının prezidentin "çaldığı havanı" oynamasını istisna etmək olmaz. O zaman münaqişə müvəqqəti yoluna qoyulacaq, parlament seçkiləri isə hətta iyunda da keçirilə bilər. Hesab edirəm ki, bu variant az ehtimal olunur, lakin prinsipcə mümkündür. Yuşşenko Naşa Ukrayna və Regionlar Partiyasını koalisiyaya vadar etməklə öz baş nazirini "sırıyacaq"" - deyə Poqribinski bildirib. O, hesab edir ki, prezident KM-in vəzifədən azad edilmiş hakimlərinin yerinə yenilərini təyin etməyəcək, belə ki, onlar and içə bilməyəcəklər (qanunvericiliyə əsasən bu parlmentdə olmalıdır), həmçinin KM-in işinin təcrid olunması ilə bağlı yaranmış vəziyyət prezidenti qane edir.
Cari ilin aprelin 30-da Ali Radanın Ukrayna prezidenti və 2007-ci ilin dekabrın 9-na qədər Ukraynanın xalq deputatları seçkilərinin keçirilməsi haqqında qərarına toxunan politoloq hesab edir ki, bu "müzakirələr və mümkün danışıqlar üçün addımdır". Onun fikrincə, hər şey vəziyyətin inkişafından asılı olacaq və o, hətta prezidentin bu hərəkətlərə razı olacağını da istisna etməyib. "İş orasındadır ki, Yuşşenko çətin proqnoz edilən insandır. Ona görə də o, həmçinin növbədənkənar prezident seçkilərinə də razı ola bilər. Lakin fikirləşirəm ki, onun ətrafı bunu etməyə icazə verməyəcək" - deyə Poqrebinski bildirib.
Bundan başqa, politoloq parlamentin bu qərarının reallaşdırılmasını faktiki qeyri-real hesab edir. Növbədənkənar seçkilərin keçirilməsi üçün Konstitusiyaya dəyişiklik edilməlidir, hətta prezidentin iradəsi olsa belə. "Orada bunu qeyri-mümkün edə biləcək o qədər faktor var ki. Hesab edirəm ki, bu, faktiki olaraq qeyri-mümkündür" - deyə Poqrebinski yekun vurub.
Ukrayna prezidenti 1-2 may tarixdə fərmanları ilə yerli Konstitusiya Məhkəməsinin hakimləri Syuzan Stanik və Valeri Pşeniçnını "andlarını pozduqlarına görə" tutduqları vəzifədən azad edib.
Hər iki hakimin vəzifədən azad edilməsi Yuşşenkonun Ali Radanın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərmanlarının məhkəmə tərəfindən baxılması zamanı baş verib. Parlamentdə isə çoxluğun nümayəndələri artıq hakimlərin vəzifədən azad edilməsi ilə bağlı prezidentin qərarlarının qanuniliyinə şübhələrini bildirib.