...

Deputat: Tarif Şurasının yeni qərarı ölkə rəhbərliyinin aztəminatlı əhaliyə qayğısını göstərir

Siyasət Materials 23 Dekabr 2016 13:50 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması əhalinin sosial baxımdan həssas və aztəminatlı təbəqəsinə kömək edəcək. Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, limitlərin artırılması sayəsində daha əvvəl qəbul edilmiş tariflərin diferensiallaşdırılması qərarı ölkə əhalisinin aztəminatlı təbəqəsinə daha az təsir edəcək.

Deputat əlavə edib ki, bu qərar bir daha ölkə rəhbərliyinin aztəminatlı əhaliyə qayğısını nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Xatırladaq ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti