...

Birinci Avropa Oyunları ərəfəsində gimnastların sonuncu yoxlama məşqləri keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 18:07 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında birinci Avropa Oyunları ərəfəsində sonuncu yoxlama məşqləri keçirilib.
Birinci Avropa Oyunları ərəfəsində gimnastların sonuncu yoxlama məşqləri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Gimnastika Arenasında birinci Avropa Oyunları ərəfəsində sonuncu yoxlama məşqləri keçirilib.

Trend-in məlumatına görə, məşqlər aerobika gimnastlarının, bədii gimnastların, akrobatların, idman gimnastlarının çıxışları ilə yadda qalıb. Batut gimnastları hazırda Sank Peterburq şəhərində keçirilən Dünya Kubokunda iştirak etdikləri üçün məşqlərə qatıla bilməyiblər.

Gimnastlar Avropa Oyunlarında təqdim edəcəkləri çıxışları nümayiş etdiriblər.

Məşqlərdən sonra Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov idmançılara uğurlar arzu edib və onların yarışlara hər hansı bir zədə olmadan qatılmasının vacibliyini vurğulayıb. Altay Həsənov həmçinin bildirib ki, Birinci Avropa Oyunlarında çıxış etmək hər bir idmançı üçün çox böyük fəxrdir.

Sonra gimnastlara üzərində adları yazılmış "Coca Cola" içkilər hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycanı birinci Avropa Oyunlarında 28 gimnast təmsil edəcək. Avropa Oyunlarında gimnastika növləri üzrə yarışlar iyun 14-21-də keçiriləcək.

İyunun 14-15-də qadın və kişi idman gimnastikası üzrə təsnifat mərhələsi keçiriləcək, komanda hesabında qaliblər müəyyənləşəcək.

İyunun 17-də akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə təsnifat yarışları baş tutacaq.

İyunun 18-də kişi və qadın idman gimnastikası üzrə çoxnövçülük finalı keçiriləcək.

İyunun 19-da isə bədii gimnastika üzrə fərdi proqramda, həmçinin akrobatika üzrə qadın və qarışıq qruplar arasında çoxnövçülük finalları olacaq. Eyni gün paralel olaraq, batut gimnastikası üzrə sinxron hərəkətlərdə və aerobika gimnastikası üzrə qruplar arasında təsnifat mərhələsi baş tutacaq.

İyunun 20-də qadın və kişi idman gimnastikası üzrə ayrı-ayrı alətlərdə final mərhələləri keçiriləcək.

Yarışın əsas günü akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə finallar baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti