...

Avropa Parlamentindən növbəti şou: effektsizlik sindromu

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 11:45 (UTC +04:00)
Birinci Avropa Oyunlarının başlamasına artıq iki gün vaxt qalıb və bu Oyunları keçirmək üçün artıq Azərbaycanın qarşısında heç bir maneə yoxdur, bütün işlər planlaşdırılmış qaydada yerinə yetirilib və yetirilir. Lakin yenə də bəzi dairələrin Azərbaycana hücumları ara vermir, əksinə bir az da fəallaşıblar. İndiyə qədər Azərbaycana qarşı bütün “fəaliyyəti”nin boşa çıxdığını görən Avropa Parlamenti isə bu hücumlarda nədənsə daha çox canfəşanlıq edir.
Avropa Parlamentindən növbəti şou: effektsizlik sindromu

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Birinci Avropa Oyunlarının başlamasına artıq iki gün qalıb. Bu Oyunları keçirmək üçün Azərbaycanın qarşısında artıq heç bir maneə yoxdur, bütün işlər planlaşdırılmış qaydada vaxtında yerinə yetirilib. Lakin yenə də bəzi dairələrin Azərbaycana hücumları ara vermir, əksinə bir az da artıb. İndiyə qədər Azərbaycana qarşı bütün "fəaliyyəti"nin boşa çıxdığını görən Avropa Parlamenti isə bu hücumlarda nədənsə daha çox canfəşanlıq edir.

Yenə də Avropa Parlamenti konkret cinayət əməllərinə görə həbs edilən bəzi adamların müdafisəinə qalxıb. Bununla bağlı aksiya keçiriblər. Tutulan şəxslər məhkəmənin qərarı ilə dövlətə xəyanət etdiklərinə, xarici kəşfiyyat orqanlarına işlədiklərinə və s. cinayət əməllərinə görə həbsdədirlər. Məgər Avropa ölkələri dövlətə xəyanət edən vətəndaşlarını azadlıqda saxlayır? Əlbəttə yox. Avropa Parlamentinin bu aksiyasından belə çıxır ki, onların müdafiəsini qazanmaq üçün ya dövlətini satasan, ya da cinayətə əl atasan. Avropa Parlamentinin bu aksiyası sadəcə Azərbaycana təzyiq göstərmək cəhdinin bir tərkib hissəsidir.

Başa düşmək olmur, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediləndən sonra iki il müddətində Azərbaycanı tənqid atəşinə tutmaqla heç nəyə nail ola bilməyən Avropa Parlamenti bu iki gün ərzində nəyə nail olmaq istəyir?

Burada başa düşülməyən və əsas olan ikinci bir məqam da var. Avropa təşkilatlarının birinci Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə Azərbaycana hücum etməsi məntiqini heç cür anlamaq olmur. Axı Azərbaycan elə sizin Avropanın Oyunlarına ev sahibliyi edir. Azərbaycan bütün qapılarını Avropaya, dünyaya açır, bütün Avropanı Azərbaycana dəvət edir, dünya mətbuatının ölkəyə gəlməsinə şərait yaradır. Məgər sizin istədiyiniz elə bu deyildimi? Azərbaycanı Avropaya inteqrasiya etmək deyildimi? Azərbaycan bu yolda üzərinə düşəni edir, bəs siz niyə mane olursunuz?

İkinci bir məsələ. Yaxşı, maraqlıdır, bəs görəsən Azərbaycan bu Oyunlara ev sahibliyi etməkdən imtina etsə nə edərdiniz? Necə münasibət göstərərdiniz? Məgər onda sakit durub Azərbaycanı tənqid etməyəcəkdiniz? Əlbəttə ki, yox. Onda da deyəcəkdiniz ki, Azərbaycan imtina etdi, Avropadan qaçır və s. və ilaxır. Bunu əlinizdə bayraq edərək yenə də ölkəyə hücuma keçəcəkdiniz.

Yeri gəlmişkən, Avropa Oyunlarını tənqid edən yerli qüvvələrin, o cümlədən bəzi siyasi partiyaların da məntiqsiz mövqeyinə toxunmaq istərdim. Elə götürək Milli Şuranı. Milli Şuranın bütün mitinqlərində Azərbaycan bayrağından çox Avropa İttifaqının bayrağı qaldırılır və avrointeqrasiya deyib çığırırlar. Məgər Avropa Oyunları avrointeqrasiya yolunda böyük bir addım deyilmi? Bəs onda siz nədən hər addımda Avropa Oyunlarını tənqid edirsiniz? Axı siz özünüz bunu istəyirsiniz. Bəs Azərbaycan Avropa Oyunlarından imtina etsəydi, siz nə edəcəkdiniz? Azərbaycan hökumətini tərifləyəcəkdiniz ki, əhsən, Avropa Oyunlarından imtina etdi? Əlbəttə ki, yox.

Görünən budur ki, istər xarici, istərsə də daxili qüvvələrin məqsədi başqadır. Onlar üçün əsas olan öz siyasi maraqlarına nail olmaq, Azərbaycanın imkanlarından faydalanmaq, öz istədiklərini Azərbaycana diqtə etməkdir. Nə etsən də, bunların ağzı düzəlməyəcək, elə bir bəhanə tapıb Azərbaycana qarşı hücumlarını davam edəcəklər. Amma qoy etsinlər. Onsuz da heç nə əldə edə bilmirlər. İllərdir arzuları gözlərində qalır, bundan sonra da qalacaq. Nə qədər kobud olsa da, bir məsəli demək yerinə düşər: "it hürər, karvan keçər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti