Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"İlk Avropa Oyunlarının açılış mərasimi gözlədiyimdən yüksək səviyyədə baş tutdu". Bunu Trend-ə ilk Avropa Oyunlarının açılışında iştirak edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
S.Cəlaloğlu qeyd edib ki, demək olar ki, burada idmandan çox Azərbaycanın mədəniyyəti, tarixi dünyaya təqdim olundu: "Özü də çox unikal bir şəkildə təqdim olundu və mən həddən artıq mənəvi zövq aldım. Həm də bu xalqın nümayəndəsi olduğuma görə fəxr etdim. Çünki orada çox ciddi şəkildə Azərbaycan mədəniyyəti, xüsusən də, miniatürlər, Qobustan qayaları həddən artıq gözəl nümayiş etdirldi. Açılışı həddən artıq yüksək səviyyədə qiymətləndirirəm. Mən düşünürdüm ki, açılışda bütün olimpiadalarda olduğu kimi ancaq idmanın mahiyyətini nümayiş etdirəcəklər, amma burada daha çox Azərbaycan mədəniyyəti, tarixi, təbiəti təbliğ olundu və çox yüksək səviyyədə də təbliğ olundu".
S.Cəlaloğlu vurğulayıb ki, açılış mərasimi hətta dünya olimpiadalarının açılış mərasimindən yüksək səviyyədə təşkil olunmuşdu: "Baxmayaraq ki, bu Oyunlar qitə səviyyəli yarışmalardı, təşkilatçılığın səviyyəsi dünya miqyaslı bir tədbirə layiq idi".