...

Nicat Şıxəlizadə bürünc uğrunda mübarizə aparacaq (ƏLAVƏ OLUNUB-3)

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 17:27 (UTC +04:00)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 13:20-də yayılıb)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

66 kq-dək çəki dərəcəsində çıxış edən təmsilçimiz - Avropa çempionatı və Qran-pri turnirinin mükafatçısı Tərlan Kərimov 1/16 finalda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb.

Trend-in məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rus idmançı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva isə 1/8 finalda Belçika cüdoçusu Şarlin van Sniklə görüşüb.

Belçika təmsilçisi saxlama fəndi tətbiq edərək cüdoçumuza vaxtından əvvəl tam qələbə ilə qalib gəlib.

X X X

Kifayət Qasımova məğlub oldu

Qadın cüdoçularımızdan 57 kq-dək çəki dərəcəsində yarışan Kifayət Qasımova 1/16 final mərhələsində Serbiya idmançısı Yovana Rogiç ilə üz-üzə gəlib.

Demək olar ki, bərabər şəraitdə keçən görüşdə hesab açılmayıb. Lakin Kifayət daha çox xəbərdarlıq (sido) aldığına görə tatamini məğlub tərk edib.

X X X

İlqar Müşkiyev də məğlub oldu

60 kq-dək çəkili cüdoçuların yarışında ilk döyüşünə 1/8 finalda çıxan dünya və Avropa çempionatlarının mükafatçısı İlqar Müşkiyev İspaniya təmsilçisi Fransisko Qarriqos ilə qarşılaşıb.

Gərgin və bərabər döyüş şəraitində keçən görüş ərzində heç bir idmançı fənd tətbiq edə bilməyib. Əsas vaxt hər iki cüdoçunun hesabında 3 xəbərdarlıq olmaqla bitib. Təyin olunmuş əlavə vaxtda isə ispan cüdoçu bir yuko xalı ilə qalib gəlib və növbəti mərhələyə çıxıb.

X X X

Nicat Şıxəlizadə yarımfinala çıxa bilmədi

66 kq-dək çəkidəki təmsilçimiz Nicat Şıxəlizadə yarımfinala gedən yolda Portuqaliya cüdoçusu Serxiu Oleyniklə qarşılaşıb.

Potruqaliya təmsilçisi saxlama (asai komi) fəndi ilə cüdoçumuza vaxtından əvvəl tam qələbə ilə qalib gələrək yarımfinala çıxıb.

X X X

Nicat Şıxəlizadə bürünc medal uğrunda mübarizəni davam etdirir

1/4 finalda Portuqaliya cüdoçusuna məğlub olan 66 kq-dək çəkidəki təmsilçimiz Nicat Şıxəlizadə bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. O, təsəlliverici görüşdə Ukrayna cüdoçusu Georgi Zantaraya ilə qarşılaşıb.

Qarşılaşmaya Ukrayna təmsilçisi fəal başlayıb və bir vaza-ari xalı ilə önə çıxıb. Buna baxmayaraq, Nicat ruhdan düşməyib və rəqibinə ipponla qalib gələrək bürünc medal uğrunda görüşə çıxmaq hüququ əldə edib.

Bürünc medal uğrunda görüşdə Nicatın rəqibi 66 kq-dək çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Tərlan Kərimovu 1/16 finalda məğlub etmiş Rusiya cüdoçusu Mixail Pulyayev olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti