...

Nadir Qafarzadə "Maşın" şouda "qurban olması"nın səbəblərini açıqladı (FOTO)

Mədəniyyət Materials 17 Dekabr 2010 15:48 (UTC +04:00)
Nadir Qafarzadə "Maşın" şouda "qurban olması"nın səbəblərini açıqladı
Nadir Qafarzadə "Maşın" şouda "qurban olması"nın səbəblərini açıqladı (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

"Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətini ikinci tərk edən iştirakçılar sırasına Azərbaycanın populyar estrada müğənnisi, daha çox imza atdığı qalmaqalları ilə tanınan Nadir Qafarzadə oldu. Dünənki canlı yayıma baxmayanların diqqətinə çatdıraq ki, meyxanaçı Rəşad Dağlı tamaşaçılardan səs toplayaraq tanınmış müğənni, klassik və estrada mahnılarının mahir ifaçısı, pedaqoq Teymur Əmrahı oyundan çıxaracağını elan etdiyi anda, Nadir jest edərək əlini maşından götürüb, həmkarının əvəzinə özünün getdiyini nümayiş etdirdi. Amma bu addım heç də Rəşadın qərarına müsbət təsir göstərmədi. Meyxanaçı rəqib gördüyü Əmrahı oyundan çıxartdı. Trend-ə qısa müsahibəsində Nadir etdiyi hərəkətə belə şərh verdi:

- Mən sırf insanlıq prizmasından yanaşıb bu hərəkəti etdim. Teymur müəllim onsuz da qəlbiqırıq insandır. Amma sənətinə söz ola bilməz. Həmişə kimlərə görəsə ürəyim ağrıyıb. Bu dəfə də çox təsirli olduğum üçün belə bir addım atdım və əsla da peşmançılıq hissi keçirmirəm. Əksinə, etdiyim hərəkətə görə qürur duyuram.

- Nadir, şouda olduğun müddət ərzində çılğınlığın görünmürdü. Elə bil tamaşaçılara özünün ancaq yaxşı tərəflərini göstərmək niyyətində idin...

- Çılğın insan deyiləm axı... Məni kimlərsə çılğın olmağa vadar edir. İştirakçılar arasında mənə dəyib-dolaşan olmadığından, susmağa üstünlük verirdim. Bir şeydən əmin oldum ki, susmaq çox məsələləri həll edir.

- Qruplaşmalarda var idinmi?

- Konkret hansısa qruplaşmada yox idim. Amma şou daxilindəki hansısa proseslərdə iştirak edirdim.  

- Xalq artisti Aygün Kazımova ilə müğənni Röya Ayxanın eyni qrupda birləşməsinə münasibətin necədir? Səncə onlar avtomobili qazanmaq üçün sona qədər bir yerdə mübarizə apara biləcəklərmi?

- Onların hamısına uğurlar diləyirəm. Hamısı mənim həmkarlarım, dostlarımdır. Kimin qismətidirsə, qoy, maşın ona da qismət olsun. Allah bilir kim olacaq qalib.

- Bəs, tamaşaçı kimi maşının kimə qismət olmasını istərdin?

- Tamaşaçı kimi deyə bilmərəm. Ola bilsin ki, ya meyxanaçı Rəşad Dağlı, ya da aşıq Əli qalib oldu.   

- Görünən odur ki, şou qalmaqalları ilə davam edir...

- Mən, dediyim kimi, heç bir qalmaqalda yox idim. Dünən tamaşaçılar da gördü ki, mübarizə meydanını mərdi-mərdanə tərk etdim.

FOTO: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti