...

Məni hamı sevmir və anlamır, bu, hətta yaxşıdır – azərbaycanlı bəstəkar Xəyyam Mirzəzadə

Mədəniyyət Materials 7 Yanvar 2011 12:52 (UTC +04:00)
Tanınmış Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadə ötən ilin sonlarında qeyd etdiyi 75 illiyi ilə əlaqədar öz vəsaiti hesabına iki hissədən ibarət kitab çap etdirib.
Məni hamı sevmir və anlamır, bu, hətta yaxşıdır – azərbaycanlı bəstəkar Xəyyam Mirzəzadə

Azərbaycan, Bakı, 7 yanvar /Trend Life, müxbir E.Hüseynzadə/

Tanınmış Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadə ötən ilin sonlarında qeyd etdiyi 75 illiyi ilə əlaqədar öz vəsaiti hesabına iki hissədən ibarət kitab çap etdirib.

Kitabın birinci hissəsi "Düşüncələr, fikirlər və məqalələr", ikinci hissəsi isə "Qeydlər, fikirlər, məqalələr, düşüncələr" adlanır.

"Birinci kitaba 50-ci illərin sonlarından başlayaraq bugünədək yazdığım bütün məqalələr daxil edilib, ikinci kitabda isə müxtəlif mədəniyyət xadimləri və alimlərin mənim musiqim və özüm barədə fikir və mülahizələri yer alıb", - Mirzəzadə Trend Life-a bildirib.

Bəstəkarın məqalələri onun keçdiyi yola, bəstəkar və musiqiçi kimi mövqeyinə aiddir. Onlar həm Azərbaycanda, həm də xaricdə dərc olunublar.

"Bu məqalələrdə mən konsert düşüncələrimdən sonra musiqi və texnoloji fikirlərimi ifadə edirəm və onların hamısı mənim Bakıda, Azərbaycanın şəhərlərində və xaricdəki musiqi həyatıma aiddir", - Mirzəzadə bildirib.

Bəstəkarın həm analitik, həm də tənqidi məqalələrinin daxil edildiyi ikinci kitab da çox maraqlıdır.

"Buraya haqqımda yazılan maraqlı məqalələri daxil etmişəm. Onlarla razılaşa da, razılaşmaya da, mənim barəmdə yazan adamların fikirlərini bölüşə və ya bölüşməyə bilərəm, lakin mənim onları çap etmək hüququm var. Məni hamı sevmir, hamı anlamır və musiqimi dərk etmir, lakin bu, hətta çox yaxşıdır. Heç vaxt məni birtərəfli tanımalarını və yalnız tərifləyici məqalələr yazmalarını istəməmişəm. Hesab edirəm ki, bu, mənə insan, bəstəkar və pedaqoq kimi cəmiyyətdə inkişafa kömək edib. Daima məhz belə yanaşmanı qiymətləndirmişəm", - Mirzəzadə bildirib.

Bəstəkarın sözlərinə görə, o, heç vaxt adi düşünməyi və başqalarına bənzəməyi sevməyib.

"Özümü və yaxınlarımı adilikdən və başqalarına bənzəməkdən qorumuşam, çünki adamlar müxtəlif olmalıdırlar. Müxtəlif mədəniyyət xadimləri və alimlər həmin məqalələrində haqqımda fikir söyləyirlər və onlardan bəziləri hətta mənə düşməndir, lakin hesab edirəm ki, onlara da yer var. Mənim kitablarım 75 il ərzindəki həyatımdır. Mən bir ömürdə musiqiçi, pedaqoq, yazan, düşünən insan, bəstəkar həyatı yaşamışam", - Mirzəzadə Trend Life-a bildirib.

Bəstəkar kitabın tərtibi və redaktəsində göstərdiyi köməyə görə Kəmalə Ələsgərliyə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti