...

Müğənni Əli Mirəliyev Nazpəri Dostəliyevanın ünvanına dediyi sözləri təkzib etdi (FOTO)

Mədəniyyət Materials 31 May 2011 17:41 (UTC +04:00)
Sahib olduğu müğənni peşəsində oxumaqdan başqa bütün işlərlə, xüsusilə də qeybət etməklə arası yaxşı olan Əli Mirəliyev dünən ATV-də yayımlanan "Gün keçir" səhər şousunda bir neçə müğənninin ünvanına olduqca sərt sözlər işlətmişdi.
Müğənni Əli Mirəliyev Nazpəri Dostəliyevanın ünvanına dediyi sözləri təkzib etdi (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir Ş.Cavadsoy/

Sahib olduğu müğənni peşəsində oxumaqdan başqa bütün işlərlə, xüsusilə də qeybət etməklə arası yaxşı olan Əli Mirəliyev dünən ATV-də yayımlanan "Gün keçir" səhər şousunda bir neçə müğənninin ünvanına olduqca sərt sözlər işlətmişdi. Həmkarları haqqında yersiz danışmağa adət edən Əli Mirəliyev xalq artisti, tanınmış estrada müğənnisi Nazpəri Dostəliyevaya da ismarıc göndərməyi unutmadı. Dostəliyevanı oxuya bilməməkdə ittiham edən Mirəliyev dediyi sözlərdən bir gün keçməmiş yenə də absurd addım atdı və mətbuatda öz dilindən açıqlama yayılmasında maraqlı oldu.

"Nazpəri Dostəliyeva yaxşı oxuyur, ifasını bəyənirəm. Vaxtilə Azərbaycan televiziyasında onu Elşad Quliyevə tərifləmişəm. Ailəsini tanıyıram. Aramızda münaqişə olması və bu səbəbdən də haqqında danışmağım barədə xəbərlər yersizdir. Mən sadəcə demişəm ki, bəzən mahnılara əlavə xallar vurur. Bunu musiqi adamı kimi demişəm. Mənim o xanım haqqında təhqir və ya başqa fikirlərim ola bilməz", - Əli Mirəliyev dedi.

Nazpəri xanımla aralarındakı münasibətin təhrif olunmuş şəkildə mətbuata çıxmasına etiraz etməyi də unutmayan müğənni, xalq artisti haqqında bundan sonra danışmayacağını bildirdi. "Bundan sonra Nazpəri Dostəliyeva haqqında mənə sual verməyin. Bu mənim onun barədə son fikirlərimdir", - Mirəliyev əlavə etdi.

Dostəliyevanın mətbuat katibi Lalə Dadaşova isə Trend-ə açıqlamasında müğənninin Əli Mirəliyevin hər iki açıqlamasından xəbərdar olduğunu bildirdi. "Nazpəri xanım Əli Mirəliyev barəsində danışmaq istəmir. O, yalnız yaradıcılığındakı yeniliklərlə bağlı jurnalistlərin suallarını cavablandırır", - mətbuat katibi belə dedi.

Xəbər lenti

Xəbər lenti