Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir V.İmanov/
Aztəminatlı ailələrin uşaqlarına kömək həyatın normasına çevrilməlidir və yalnız aksiyalarla kifayətlənmək olmaz. Bu gün Trend BİA-da keçirilən mətbuat konfransında "Eurovision 2010" müsabiqəsinin iştirakçısı Safura Əlizadə jurnalistlərə bildirib.
Sentyabrın 1-də Bakıda Heydər Əliyev Sarayının səhnəsində "Məlahətli ana" uşaqlara yardım ictimai birliyi tərəfindən şou-ulduzların, xalq mahnıları və muğam ifaçılarının iştirakı ilə xeyriyyə konserti keçiriləcək. Xeyriyyə konserti saat 19:00-da başlayacaq. Konsert "Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!" devizi altında keçiriləcək. Tədbirin keçirilməsində məqsəd minə yaxın imkansız uşağı məktəbli forması və portfellə təmin etməkdir.
"Hər bir kəs xeyriyyə fəaliyyətində iştirak edə bilər. Səyləri birləşdirməklə biz ehtiyacı olan uşaqlara və onların ailələrinə real yardım göstərə, onlara öz rəğbət və sevgimizi bəxş edə, onların həyatını işıqlı və daha fərəhli edə bilərik. Əminəm ki, xeyirxah iş görməyi hamı bacarar. Başlıcası odur ki, "Mən nə edə bilərəm ki?" fikri ilə gözlərini yummayasan. Birlikdə, hamı əlindən gələn köməyi edəndə çox iş görmək olur. Kim bilir, bəlkə sabah nə vaxtsa Sizin kömək etdiyiniz kəs öz yardım əlini Sizə uzadacaq", - xeyriyyə konsertinin aparıcısı olacaq Safura Trend-ə bildirib.
Konsertdə Nisə Qasımova, Aygün Bəylər, Səyyad Əlizadə, Elariz Məmmədoğlu, Aybəniz Haşımova, Sevda Yahyayeva, Aynişan Quliyeva, Elçin Şirin, Aygün Şükürova, Nurlan Əzizbəyli, Məleykə Əsədova, İlqar Muradov, İzzət Bağırov, Mətanət İsgəndərli, Nadir Bayramlı, Emin Bədəlov, Əkbər, Nura, Könül Kərimova, Aşıq Samirə, "Kristal" qrupu, "Maori" rəqs qrupu, Göyçək Fatimə, yumorist Fərda Xudaverdiyev, "Bülbüllər" ansamblı və başqaları iştirak edəcəklər. Layihənin bədii rəhbəri, prodüser Tarix Əliyevdir (Mister Tolik).
Konsertin informasiya dəstəyi Trend Life-a məxsusdur.