...

Türkiyənin "Yaxşı Cazibə" serialının aktyorları Bakıdan ayrılmaq istəmirlər (FOTO)

Mədəniyyət Materials 2 Sentyabr 2011 12:59 (UTC +04:00)
Artıq 2 gündür ki, Türkiyədə ən çox izlənən "Yaxşı Cazibə" serialının bir qrup aktyoru serialın növbəti bölümünü çəkilişləri üçün Bakıdadır. Sentyabrın 1-də şəhərin mərkəzi küçələrinin birində çəkilişlərin bir hissəsini aparan yaradıcı heyət axşam saatlarında mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırdılar.
Türkiyənin "Yaxşı Cazibə" serialının aktyorları Bakıdan ayrılmaq istəmirlər (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Artıq 2 gündür ki, Türkiyədə ən çox izlənən "Yaxşı Cazibə" serialının bir qrup aktyoru serialın növbəti bölümünü çəkilişləri üçün Bakıdadır. Sentyabrın 1-də şəhərin mərkəzi küçələrinin birində çəkilişlərin bir hissəsini aparan yaradıcı heyət axşam saatlarında mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırdılar.

Rejissor Bora Onur, Cazibə obrazının ifaçısı Aslihan Gürbüz, Kamal personajını canlandıran Hakan Yılmaz, Simgə rolunun öhdəsindən layiqincə gələn aktrisa Hande Katiboğlu və illərdən bəri qardaş ölkədə yaradıcılığını davam etdirən azərbaycanlı aktirisa Məlahət Abbasova bir neçə saat davam edən mətbuat konfransında jurnalistlərlə xoş münasibət qurub, səmimi davranışları ilə diqqət çəkdilər. Məlahət xanım "Yaxşı Cazibə" serialında baş məsləhətçi missiyasını öz üzərinə götürdüyündən türkiyəli həmkarlarının vətənimizdə yüksək şəkildə çəkiliş aparmaları üçün öz köməyini göstərməyə çalışıb. Elə onun təklifi ilə "Eurovision-2011"-in qalibi Nigar Camal da tədbirə təşrif buyuran fəxri qonaqlardan biri oldu.

Nigar həm Bakıda, həm də İstanbulda baş tutacaq çəkilişlərdə özünü aktrisa kimi sınayacaq. Trend-ə açıqlamasında müğənni bildirdi ki, xaricdə yaşadığı vaxtlarda o, yalnız "Yaxşı Cazibə"ni izləyib və bu aktyorlara olan simpatiyası onu çəkiliş meydadına qədər gətirib.

52 bölümünü geridə qoyan serialın baş qəhrəmanları Trend vasitəsilə ayrı-ayrılıqda ürək sözlərini oxucularımızla bölüşdülər.

Aslihan Gürbüz - Sevindirici haldır ki, Bakıda kifayət qədər tamaşaçı ordumuz var. Bu haqda çox eşitmişdim. Amma bizi sevən insanlarla bilavasitə canlı görüşməyin müsbət enerjisi tam başqa bir şeydir. Əvvəl elə bilirdim ki, Cazibə rolunun öhdəsindən gələ bilməyəcəyəm. Amma vaxt keçdikcə Azərbaycan dilinə olan marağım artdı və bacardığım qədər şirin ləhcənizlə danışmağa başladım. Bir sözlə, Azərbaycana və onun mehriban insanlarına vurğunam.

Hakan Yılmaz - Hava limanından başlayaraq olduqca mehriban insanların əhatəsində xüsusi qonaqpərvərliklə qarşılandıq. Şəhəriniz çox gözəldir. Heyran olmamaq mümkün deyil. Sənətçi dostlarım deyirdilər ki, Bakıya gəldikləri zaman özlərini sanki Türkiyənin başqa bir şəhərində hiss edirlər. İstiqanlı insanları görməyənə qədər bu mənə təəccüblü gəlsə də, artıq hamınızı özümə doğma bilirəm. Demək, "Türkiyə-Azərbaycan, bir millət, iki dövlət" sözləri boş yerə deyilməyib. Bakıdan heç ayrılmaq istəmirəm.

Hande Katiboğlu - Yeməkləriniz çox ləzizdir. Hər şeyi bir kənara qoyub, bacardığım qədər Azərbaycan mətbəxinin təamlarından dadmağa çalışdım. İnanın Bakını təmizliyi, insanların mehribanlığı məndə o qədər xoş təəsürat yaradıb ki, mütləq yaxın vaxtlarda yenidən şəhərinizə qonaq gələcəyəm.

Trend-ə açıqlamasında Məlahət Abbasova da aktyorların Azərbaycana ilk səfərinin uğurlu alınmasından məmnuniyyətlə danışdı.

"Nəhayət ki, aylardan bəri irəli sürdüyüm təklif yaradıcı heyət tərəfindən müsbət qiymətləndirildi. Bundan sonrakı məqsədim isə Azərbaycan aktyorlarının türk tamaşaçılarına daha yaxşı tanıdılmasıdır. Nigar Camalın "Yaxşı Cazibə"də rol alması da bu baxımdandır. İnşallah, belə layihələri vaxtaşırı reallaşdırmağa çalışacağam", - Məlahət xanım dedi.

Zarafatlarından da qalmayan serial ulduzları sonda jurnalistlərlə xatirə şəkili çəkdirməyi də unutmadılar.

Azərbaycan əsilli Cazibənin türk vətəndaşlığı almaq üçün Kamalla ailə qurmasının komik hekayəsindən bəhs edən serialın qəhrəmanları bu gün İstanbula qayıdırlar.

Serialın Bakıda çəkilməsi də səbəbsiz yerə deyil. Belə ki, küsüb vətəninə gələn Cazibəni axtarmaq məqsədi ilə mehriban ailənin üzvləri Azərbaycan qədər gəlib çıxırlar.

Şəhərimizdə baş verən macəraları tamaşaçılar sentyabrın 10-da Bakı vaxtı ilə saat 22:00-da Türkiyənin ATV kanalında izləyə bilərlər.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti