...

Azərbaycanın tanınmış teleaparıcısı ad gününü evində qeyd edir (FOTO)

Mədəniyyət Materials 2 Sentyabr 2011 18:32 (UTC +04:00)
Lider TV-nin tanınmış simalarından olan teleaparıcı, rejissor Lamiyyə Ələkbərova özünün növbəti ad gününü qeyd edir.
Azərbaycanın tanınmış teleaparıcısı ad gününü evində qeyd edir (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Lider TV-nin tanınmış simalarından olan teleaparıcı, rejissor Lamiyyə Ələkbərova özünün növbəti ad gününü qeyd edir. Ad günündən bir gün öncə Lider TV-nin "Rəngarəng" verilişinin yaradıcı heyəti, başda aparıcı Zaur Nəbioğlu olmaqla, "Həyat tərzi" verilişinin müəllifi Lamiyyənin evinə qonaq gedib sevimli həmkarımızın xoş gününü təbrik etdilər. Trend-in əməkdaşı və müğənni Samir Piriyev də xanım Ələkbərovanın bu sevincinə şərik çıxmaqdan ötrü "Rəngarəng" komandasına qoşuldu.

Mülayim xasiyyətə malik olması ilə seçilən teleaparıcı bizi olduqca şən əhval-ruhiyyədə qarşıladı. Və məlum oldu ki, bu illər ərzində ilk dəfədir ki, evində çəkiliş aparmağa icazə verib. Xanımdan yaş soruşmağın ayıb olmasını nəzərə alıb, Lamiyyədən ürəyindən keçən arzuları barədə soruşduq.

"Yaşımın üstünə yaş gəldikcə özümü daha xoşbəxt ana kimi hiss edirəm. Çünki iki oğul tərbiyə edirəm. Sözsüz ki, həyat yoldaşım Azər və anamın yaxından göstərdikləri kömək sayəsində. Böyük oğlum Ayxanın 6, Nicatın isə 2 yaşı var. Onların varlığını aldığım nəfəslə belə müqayisə edirəm. Nə yaxşı ki, Allah mənə ana olmaq sevincini yaşadıb. Bəli, böyük hərflərlə yazmaq olar ki, Lamiyyə xoşbəxtdir. İstəyirəm ki, mənim xoşbəxtliyimdən hər bir xanıma pay düşsün", - teleaparıcı belə dedi.

Söhbət əsnasında öyrəndik ki, Lamiyyə ad günündə təmtəraqlı məclis keçirmək niyyətində deyil. "Evimizdə, əzizlərimin əhatəsində, anamın bişirdiyi ləziz təamlardan dadıb süfrə arxasında bu günü qeyd edəcəyik. Ümumiyyətlə, özümə aid ələmətdar günlərdə təmtəraqdan uzaq məclislər keçirirəm. Dediyim kimi, əsas oğlanlarım üçün yaşayıram. Hər ikisinin ad günlərini necə lazımdırsa, elə də qeyd edirik", - Ələkbərova əlavə etdi.

Sonda Trend olaraq, sevimli teleaparıcımızı ürəkdən təbrik edir, daim xoş günlər yaşamasını arzulayırıq.

Onu da xatırlatmaq yerinə düşər ki, "Rəngarəng" verilişi sentyabrın 2-də saat 20:30-da Lider TV-nin efirində nümayiş olunacaq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti