...

"Eurovision"ın danimarkalı təmsilçisi Bakıya gəlişini səbirsizliklə gözləyir

Mədəniyyət Materials 20 Fevral 2012 14:06 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsinin danimarkalı iştirakçısı Soluna Samay Trend-ə müsahibəsində Bakını görmək arzusunu dilə gətirib və azərbaycanlı duet - Eldar Qasımov və Nigar Camalı "Eurovision"ı öz ölkələrinə gətirdiklərinə görə təbrik edib.
"Eurovision"ın danimarkalı təmsilçisi Bakıya gəlişini səbirsizliklə gözləyir

Azərbaycan, Bakı, 20 fevral/Trend müxbir A.Məmmədova/

"Eurovision-2012" mahnı müsabiqəsinin danimarkalı iştirakçısı Soluna Samay Trend-ə müsahibəsində Bakını görmək arzusunu dilə gətirib və azərbaycanlı duet - Eldar Qasımov və Nigar Camalı "Eurovision"ı öz ölkələrinə gətirdiklərinə görə təbrik edib.

"Mən heç vaxt Azərbaycanda olmamışam, buna görə də, həqiqətən, yeni mədəniyyət və gözəl Bakı şəhəri ilə tanış olmağı səbirsizliklə gözləyirəm. Təəssüf ki, heç bir zaman Bakıda olmamışam. Mən şəhərin şəkillərini görmüşəm və bu, heyranedici görünür. Şəhərin Xəzərin sahilində yerləşməsi çox gözəldir. Mən habelə eşitmişəm ki, bu şəhər zəngin mədəniyyətə malikdir və oraya səfərimi səbirsizliklə gözləyirəm!", - o bildirib.

Samayın sözlərinə görə, "Eurovision"da iştirak etmək ona böyük və vacib təcrübə verəcək. Samay ümid edir ki, müsabiqə ona öz musiqisini Avropaya təqdim etməyə kömək edəcək platforma olacaq.

"Şübhəsiz ki, bu mənim musiqi karyeram üçün stimuldur. Çünki milyonlarla insan məni televizorda görəcək. Bununla da öz musiqimizi bütün dünya ilə bölüşməyin asan olacağına ümid edirik", - müğənni qeyd edib.

"Eurovision"da qarşıdakı çıxışına toxunan Samay deyib ki, onun şousu mahnıya həsr edilib.

"Biz çox səmimi tamaşa göstərməyə çalışacağıq. Bu, texniki cəhətdən yəqin ki, "Eurovision"da adi çıxışlardan az fərqlənəcək", - o bildirib.

Müğənninin sözlərinə görə, səhnədə onunla birgə bir neçə musiqiçi iştirak edəcək.

"Düşünürəm ki, "Eurovison"da yaxşı mahnı digər mahnılardan nə iləsə fərqlənməlidir. Əlbəttə ki, mahnının yaddaqalan melodiyası olmalıdır. Mənim mahnım müasir səslənmə ilə pop-mahnıdır. Dərin mətnə malik olan mahnım hər kəs üçün yaxın olacaq. Ümid edirəm ki, o, hər bir ürəyə yol tapacaq" , - o deyib.

Samayın sözlərinə görə, Danimarkanı təmsil etmə şərəfinin ona tapşırılmasını qiymətləndirir və gözləntiləri doğruldacağına ümid edir.

Müğənni hesab edir ki, ən çətini müsabiqəyə psixoloji cəhətdən hazırlıqdır. "Fikrimcə, çıxış zamanı əsəbin üstün gəlməməsi üçün belə böyük hadisəyə mənəvi cəhətdən hazırlaşmaq çox vacibdir. Çünki müsabiqədə bir çox gözlənilməz hadisələr baş verə bilər və onlarla bacarmaq imkanına malik olmaq əhəmiyyətlidir" , - Samay vurğulayıb və əmin edib ki, təbii həyəcanın öhdəsindən gələcək və "Eurovision"da iştirakının unudulmaz olması üçün diqqətini cəmləməyə çalışacaq.

"Uğursuzluq zamanı isə bunun məni sındırmasına imkan verməməyə çalışacam. "Eurovision" kimi mahnı müsabiqəsində hər şey ola bilər. Həyat davam edir və ümid edirəm ki, mənim musiqim "Eurovision"dan sonra da yaşayacaq" , - o qeyd edib.

Xatırladaq ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti