...

"YARAT!" təşkilatı Bakıda Sitarə İbrahimovanın fotosərgisini açıb (FOTO)

Mədəniyyət Materials 23 Mart 2012 19:50 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Dənizkənarı Milli Parkda, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının qarşısında Sitarə İbrahimovanın fotosərgisi açılıb.
"YARAT!" təşkilatı Bakıda Sitarə İbrahimovanın fotosərgisini açıb (FOTO)

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Dənizkənarı Milli Parkda, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının qarşısında Sitarə İbrahimovanın fotosərgisi açılıb.

Trend-in məlumatına görə, "012 Bakı Public Art Festival" çərçivəsində təşkil edilən fotosərgidə Sitarə İbrahimova "Əhalinin qeydiyyata alınması" layihəsini təqdim edib.

Sərgidə tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər. Fotosərgi sentyabr ayına qədər davam edəcək.

Art-layihənin janrını vaxtı uzadılmış foto-performans kimi təyin etmək olar. Layihə çərçivəsində bayram və ya istirahət günlərində (daha çox insanları cəlb etmək məqsədilə) şəhərin küçələrində studiya mühitini yaratmaq niyyətindəyik. Çox güman ki, çəkiliş bir neçə gün ərzində dənizkənarı bulvarın 2-3 canlı nöqtəsində aparılacaq. Bulvarın seçilməsində məqsəd yüz ildən artıq Bakı ailələrində mövcud olan qədim ənənəni yenidən dirçəltməkdir. Ənənənin məğzi fotoqrafiya sənətinin köməyi ilə uşaqlıqdan yeniyetmə dövrünə qədər Bakı şəhərinin əlamətdar yeri olan məhz bulvarda ailə albomu üçün insan obrazını fiksasiya etməkdən ibarət idi. Bir çox illər ərzində çəkilmiş və şəxsiyyətin təşəkkülünü izləyən fotolara baxarkən, bakılılar sanki özəl yaddaşlarına qərq olur, öz xatirələrini canlandırır və beləliklə, öz keçmişlərini, öz soylarını unutmurdular.

Şərti desək, Fransa fotoqrafı və kinematoqrafı Aleksandr Mişon tərəfindən özülü qoyulmuş bu ənənə bu gün də öz aktuallığını itirmir. Təbii ki, ən yeni texnologiyalar dövrü öz müsbət nəticələrini verməkdədir. Fotoqrafiya prosesinin, əl üsulu ilə neqativin aydınlaşdırılması və çap edilməsinin zəhmətli və ağır olması hamıya məlumdur. İndi bütün bu texnoloji mərhələlər çox asanlaşıb. Bu və ya digər səviyyədə keyfiyyətli fotoşəkil çəkməyi indi nəinki "bərk gedən" peşəkar, hətta bu sənətin coşqun həvəskarı da bacarır. Bundan başqa, XXI əsr fotoqrafiya dünyasının texniki innovasiyaları retro dövrü yenidən bərpa etməyə imkan yaradır, indiki dövrü isə çoxşaxəli və mobil təqdim edir. Çünki indi bütün ailə albomu ayrıca bir telefona yerləşir. Lakin texniki tərəqqi nə cür olursa olsun, layihə müəllifinin fikrincə, bütün bu işdə üstünlük məhz insan faktoruna verilməlidir. Axı, ailə albomu məqsədi ailə münasibətlərinin möhkəmlənməsinə yardım edən, necə deyərlər, "humanist artefakt"dır.

İnqilabdan əvvəlki şəkillərdə əks olunmuş bakılıların kostyum və geyim üslubunda şərq və qərbin qəribə sintezi izlənilir. O illərin fotostudiyaları, məsələn, Jorj, Kolovixin, "Rembrant", "İngilis fotoqrafiyası" atelyesi həm şəhərin çox tanınmış və hörmətli insanlarının, həm də sadə, maraqlı və xarakterli tipajların şəkillərində qiymətsiz miras qoymuşdular. Geyimlərə, anturaja, bəzən şəkil çəkdirənlərin məğrur görünüşünə görə nəticə çıxarmaq olar ki, o vaxtlar fotostudiyada şəkil çəkdirmək şəhər əhli üçün çox ciddi və məsul iş olub. Fotoqraf xanım İ.Germanoviç tərəfindən şəhər həyatı mənzərələrinin çəkilişində maraqlı xarakter və tipajların təbəqəsi göz qabağına gəlir. Neqativləri şüşəli plastinkalarda düzəldilmiş inqilabdan əvvəlki ağ-qara şəkillərin qəribə keyfiyyəti və təravəti öz təsirediciliyi ilə müasir rəqəmli şəkillərdən heç də geri qalmır. İnqilabdan əvvəlki şəkilləri xarakterizə edən bir təfərrüat da var: əvvəlki dövrün insanlarının üzündə oxunan sakitlik, sabitlik və rifah. Sonrakı onilliklərdə daha çox maraq Breqadze, Çuprikova, Kalinina və xüsusən vaxtı ilə Heydər Əliyevin şəxsi fotoqrafı olan və Azərbaycan elm və incəsənətinin görkəmli nümayəndələrinin protret qalereyasının əsasını qoymuş İsay Aronoviç Rubençikin şəkilləri təşkil edir.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti