...

"YARAT!" təşkilatı Niyaz Nəcəfovun "Qırçılar" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 27 Aprel 2012 19:50 (UTC +04:00)
"YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Qız Qalasının yaxınlığında rəssam Niyaz Nəcəfovun "Qırçılar" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Niyaz Nəcəfovun "Qırçılar" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Qız Qalasının yaxınlığında rəssam Niyaz Nəcəfovun "Qırçılar" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Niyaz Nəcəfovun "Qırçılar" heykəltəraşlıq kompozisiyası ev damını kubşəkilli dəmir çəndə "bişən" xüsusi qara məhlulla örtmək vəzifəsindən ibarət olan və demək olar ki, yoxa çıxmış qırçı peşəsinə həsr olunur. İndi çətin ki, kimsə bu cür şəhər fəhlələrinin öz sadə, lakin kifayət qədər çox əmək tələb edən işi ilə məşğul olduqlarını görə bilsin. Bizim dövrümüzdə hər şey mexaniki və texnogen olur. İndi damları örtmək üçün xüsusi ruberiod örtüklər istifadə olunur. Ola bilsin ki, yaxın gələcəkdə daha yığcam və təkmilləşdirilmiş texnologiyalar meydana gəlsin. Lakin bu, artıq elə bir dünyada baş verəcək ki, (hərçənd bəlkə də artıq baş verir) insan münasibətlərində yadlıq və soyuqluq adi hala çevrilir... Qırçılar "köhnə" küçələrdə işləyirdi. Onlar əsasən "köhnə" evlərin damlarını örtürdü. Onların əməyi rəmzi idi: qaynar örtük insanların başı üzərindəki damı möhkəmləndirməklə və onu təbii hadisələrə qarşı dözümlü etməklə yanaşı, həm də sanki "evlər arasındakı dostluğu" möhkəmləndirirdi. Qırçıları adətən küçədə oynayan uşaqlar əhatə edirdi, bu ciddi, lakin sadə və xeyirxah insanların ləng və fikirli əmək ritmini müşahidə etmək uşaqların xoşuna gəlirdi. Həmin evlərin sakinləri qırçılarla ünsiyyət saxlayırdı. Tez-tez həmin fəhlələrin ev sakinləri və yoldan keçən adamlarla öz-özünə yaranan söhbətləri baş verirdi.... Bu, ümumi, beynəlmiləl həyətlər dövrü, (indiki kimi virtual deyil) əyani ünsiyyət dövrü idi... Bu, ...başqa dövr idi...

Öz məkani kompozisiyası vasitəsilə rəssam, hissiyyat süzgəcindən keçirdiyi ədəb mövqeyini nümayiş etdirir və gələcəkdən nigaran olduğunu bildirir - əl əməyinin həlledici rol oynadığı qırçı peşəsinin yoxa çıxması bir rəssam kimi onun üçün insanlar arasında münasibətlərin xüsusi istiliyinin yoxa çıxmasına, insan ruhlarını vahid və ümumi əqli məkan şəklində birləşdirən zərif atmosferin yoxa çıxmasına bərabərdir. Ən yeni zavod texnologiyalarının işlənib hazırlanması ilə hədsız surətdə kompensasiya edilən məhz bu mənəvi tənəzzül rəssamı konrekt olaraq bu mövzunu seçməyə vadar etdi.

İnqilaba qədərki dövrdə qır küçə və səkiləri döşəmək üçün istifadə olunurdu və misal üçün, İ.Germanoviçin təxminən 1913-cü ilə aid olan arxiv şəkilləri buna dəlalət edir. Sonrakı onilliklərdə qır adətən köhnə Bakı evlərinin yastı damlarına tökülüb yayılırdı. Nəhəng, ağır və o qədər də asanlıqla daşına bilməyən, içində qır bişirilən sobalar sürünərək bir yerdən başqa yerə aparılırdı və tünd, bihuşedici qoxu saçırdı. Qırçı peşəsi köhnə Bakıda bir çox cəhətdən bir sıra Avropa şəhərlərində rast gəlinən bacatəmizləyən peşəsinə bənzəyirdi, neft qatranına batmış qırçıların öz görünüşləri isə uzun illər ərzində Bakı mühitinin ayrılmaz ünsürü olub. Təsadüfi deyil ki, qırçı surəti bir çox halda yerli kinematoqrafiyada oynanılıb, məsələn, qızıl silsilə filmlərindən biri olan "Şərikli çörək"də çox istedadlı aktyor Fazil Salayev qırçı rolunu əla ifa etmişdi.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti