...

Məşhur kolumbiyalı yazıçı yaddaşını itirir

Mədəniyyət Materials 7 İyul 2012 14:03 (UTC +04:00)
Qabriel Qarsiya Markesin qardaşı məşhur yazıçının əqli zəiflikdən əziyyət çəkdiyini bildirib.
Məşhur kolumbiyalı yazıçı yaddaşını itirir

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Qabriel Qarsiya Markesin qardaşı məşhur yazıçının əqli zəiflikdən əziyyət çəkdiyini bildirib. Bu barədə Trend BBC-nin rus xidmətinə istinadən məlumat verir.

Hayme Qarsiya Markes bu xəbəri Kartahena universitetində mühazirə zamanı tələbələrə çatdırıb. Onun sözlərinə görə, 1982-ci il Nobel mükafatı laureatı "adi suallar" verməkdən ötrü ona tez-tez zəng vurur.

"Onun yaddaşla bağlı problemləri var. Mən hərdən ağlayıram, çünki hiss edirəm ki, onu itirirəm", - o deyib.

Hayme Markes 85 yaşlı yazıçının yaddaşı ilə bağlı problemlərinin olduğu barədə açıq şəkildə danışan ilk ailə üzvüdür.

BBC-nin Kolumbiyadakı müxbiri Arturo Uolles məlumat verib ki, ədibin yaddaşı ilə bağlı problemlərinin mövcudluğu barədə şayiələr hələ bundan əvvəl də gəzirdi.

Hayme qardaşının xəstəliyi haqqında söhbətlərdən daha qaça bilmədiyini bildirib.

"O, fiziki cəhətdən özünü yaxşı hiss edir, lakin bununla yanaşı, uzun müddətdir əqli zəiflikdən əziyyət çəkir. Qabo (Kolumbiyada məşhur yazıçını belə çağırırlar - red.) indi də şəndir, o, daim belə olub", - Hayme bildirib.

Qeyd edək ki, yazıçının ən məşhur əsərlərindən biri olan "Yüz ilin tənhalığı" ağıldankəm qocaya qulluq edə bilməyən alənin təsviri ilə başlayır. 1967-ci ildə yazılmış roman Markesə təkcə dünya şöhrəti gətirmədi, həm də daim sehrbazlıq və "sehrli elementlər"in reallığa daxil olduğu "sehrli realizm" adını almış ədəbi metodun ən parlaq nümunəsi oldu.

Hazırda yazıçı Meksikada yaşayır və son bir neçə ildə ictimaiyyət arasında çox az görünür. Haymenin sözlərinə görə, "Vəba zamanı məhəbbət"in müəllifi yazıçılıqla məşğul olmağı dayandırıb.

Markesin naşirinin sözlərinə görə, 2010-cu ildə nasir yeni "Avqustda görüşənədək" romanı üzərində işləri başa çatdırıb. Lakin bu kitabın nə zaman işıq üzü görəcəyi açıqlanmır.

Xəbər lenti

Xəbər lenti