...

Jerar Depardye: "Azərbaycan böyük ölkədir, sizin böyük ürəyiniz var! Çox sağ olun!"

Mədəniyyət Materials 15 Sentyabr 2012 14:48 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində dünya şöhrətli aktyor Jerar Depardyenin KİV nümayəndələri ilə görüşü keçirilib.
Jerar Depardye: "Azərbaycan böyük ölkədir, sizin böyük ürəyiniz var! Çox sağ olun!"

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir V.İmanov/

Bu gün Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində dünya şöhrətli aktyor Jerar Depardyenin KİV nümayəndələri ilə görüşü keçirilib. Trend-in məlumatına görə, görüş aktyorun "Aleksandr Düma Azərbaycanda" sənədli filminin əsas rollarından birini ifa etməsinə həsr olunub.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görüşdə bildirib ki, Jerar Depardye onunla söhbətində ölkənin böyük turizm potensialına malik olduğunu deyib və Azərbaycan mədəniyyətinə heyranlığını ifadə edib.

"Gözəl Azərbaycana yenidən səfər etdiyimə görə xoşbəxtəm, ölkənizin gözəlliyinə, mədəniyyətinə və bizi özününkü kimi qəbul edən insanların qonaqpərvərliyinə heyranam. Biz Azərbaycanda bir çox yerlərdə olduq, məni qeyri-adi arxitektura və təbiət, Xəzər dənizindəki neft platformaları, "Eurovison 2012" üçün tikilən "Kristal Zalı", Bakının "Alov qüllələri" çox təsirləndirdi", - Depardye qeyd edib.

Aktyorun sözlərinə görə, bu gün o, Azərbaycanın müasir rəssamları ilə görüşüb, onların işinə baxıb və Parisdə bu əl işlərindən ibarət sərginin təşkil ediləcəyinə ümid edir.

"Dövlətiniz kinematoqrafiyanın inkişafı üçün hər şey edir, kinostudiyanın müasirləşdirilməsi məqsədilə işlər aparılır, yeni pavilyonlar tikilir, yeni texnologiyalar tətbiq edilir, Azərbaycanın böyük mədəniyyət və tarixini əks etdirən filmlər çəkilir. Üstəlik, ölkəniz çox tolerantdır. İnsanın hansı dinə və milliyyətə mənsub olması əhəmiyyət kəsb etmir. İstərdim ki, Azərbaycanda ən müasir filmlərin çəkilməsi və digər ölkələrin kinematoqrafçıları ilə münasibətlərin yaradılması üçün beynəlxalq kinematoqrafiya məktəbi yaradılsın. Sizin böyük ölkəniz var! Sizi çox sevirəm, böyük ürəyiniz var və sizə ancaq xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Çox sağ olun", - aktyor yekunda Azərbaycan dilində təşəkkür edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində dünya şöhrətli aktyor Jerar Depardyenin iştirakı ilə Fransanın "CTM" şirkəti ilə "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulmasına dair müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti